Böyük savaşa hazırlıq

 

Siyasi mübarizəyə davam, yoxsa?..

Sərdar Cəlaloğlu: “Müxalifətçilik insanın təbiəti ilə bağlıdır, xarici faktorlardan heç bir asılılığı yoxdur”

Əli Əliyev: “Toqquşma davamlı olarsa...”

Vüsal Qarayev: “Müharibə başlayarsa, biz, AXCP üzvləri siyasi fəaliyyətimizi dondurub Qarabağda vuruşmağa hazırıq”

Əli Orucov: “Bu problemin həlli milli həmrəylikdən keçir”

Dağlıq Qarabağ Azərbaycanın ümummilli problemidir. Bu məsələdə fikir ayrılığı olmamalı və bütün siyasi qüvvələr eyni mövqedən çıxış etməlidir. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) münaqişənin həllində xalqın vahid mövqeyini nümayiş etdirmək üçün “Vahid Qərar Şurası”nın yaradılması təklifilə çıxış edib. Bu təklif ictimaiyyətdə geniş müzakirə olunub və nüfuzlu ziyalılar, hərbi ekspertlər, siyasi partiya rəhbərləri tərəfindən yüksək qiymətləndirilib. Müharibə başlanarsa, müxalifətçiliyə son veriləcəkmi?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, müxalifətçiliyin müharibəyə heç bir aidiyyatı yoxdur: “Müxalifətin nə hərbiyə, nə sülh dövrünə, nə də digər məsələlərə heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq müxalifət müharibə dövründə siyasi mübarizəni vəziyyətə uyğun olaraq ya məhdudlaşdırır, ya da dondurur. Müxalifətçilik insanın təbiəti ilə bağlıdır, xarici faktorlardan heç bir asılılığı yoxdur”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə müharibə başlayacaqsa, siyasi fəaliyyətlərini donduracaqlarını bildirib: “Bu daha çox mənəvi məsələdir. Qanunvericilikdə müharibə durumları ilə bağlı hər hansı bir məhdudiyyət tələbi yoxdur. Çünki, hazırkı müharibə deyil, sadəcə, münaqişə hallarıdır. Ancaq bizim üçün birmənalı, prinsipial mövqe var ki, hər hansı xarici təcavüz vəziyyətində heç bir müxalifətçilik olmur. Əgər ayın 25-dən davam edən münaqişə davamlı olarsa, biz hətta siyasi fəaliyyətimizə məhdudiyyət qoymağa hazırıq. Təki torpaqlar azad olunsun və ordu rahat fəaliyyət göstərə bilsin”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev qeyd edib ki, ümumiyyətlə, Qarabağ məsələsində iqtidar-müxalifət söhbəti olmamalıdır: “Bu məsələ Azərbaycanın ümumi problemidir və bu münaqişənin həllində siyasi baxışından, ictimai mövqeyindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bir yumruq olmalıdır. Belə olmadıqca problemi öz xeyrimizə həll etməyimiz mümkünsüzdür. Biz AXCP olaraq aprel döyüşləri zamanı da öz mövqeyimizi bildirmişdik. Hər kəsin Dağlıq Qarabağ məsələsində vahid mövqeyddən çıxış etməsi üçün “Vahid Qərar Şurası”nın yaradılmasını təklif etdik. Bu təklif geniş müzakirə olundu və hər kəs tərəfindən böyük rəğbətlə qarşılandı. Müharibə başlayarsa, biz də bütün AXCP üzvləri siyasi fəaliyyətimizi dondurub Qarabağda vuruşmağa hazırıq. Lakin bunun üçün hökumət də səmimi, ədalətli olmalıdır. Məsələn, səngərdə kasıbın balası, bir nazir övladı ilə çiyin-çiyinə döyüşməlidir. Məmur, inhisarçı, rüşvətxorların, bir sözlə, bu günə kimi kim xalqdan oğurlayıbsa, hamısının sərvəti ortaya çıxarılıb cəbhəyə sərf edilməlidir. Belə olan halda biz kimə və niyə müxalifətçilik edək ki? Biz o zaman müxalifətçiliyimizi, etirazımızı ortaya qoya bilərik ki, sadaladığımız məsələlər olmasın, kasıb vuruşsun, ölsün, aclıq çəksin, zənginlər, vəzifəlilər balalarını xaricə göndərib, yenə də pul qazanmaqla məşğul olub, keflərini sürsünlər”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov da həmçinin bildirib ki, müharibə olarsa, iqtidar-müxalifət anlayışı ortadan götürülməlidir: “Hadisələrin gedişatı ilə cərəyan edən bu proseslər onu deməyə əsas verir ki, artıq regionda müharibə qaçılmazdır. Bu münaqişənin də həlli ancaq müharibədir. Bunun alternativi yoxdur. Təbii ki, əgər müharibə başlayacaqsa, torpaqlarımızın azadlığı uğrunda geniş miqyaslı hərbi əməliyyatlara start veriləcəksə, ümumiyyətlə, iqtidar-müxalifət anlayışı ortadan götürüləcək. AMİP üzvlərinin bir çoxu müharibədən çıxmış şəxslərdir. Atəşkəs dövrünə qədər AMİP üzvləri döyüşlərdə çox fəal iştirak ediblər. AMİP üçün ilk növbədə vətən anlayışı var. Biz dəfələrlə vurğulamışıq ki, bu problemin həlli milli həmrəylikdən keçir. Əgər hökumət bu birliyə, həmrəyliyə arxalanıb döyüş əmri versə, o zaman bizim qarşımızda heç kim dura bilməz. Əks tədqirdə, yenə də oyunlar oynanacaq və siyasi mübarizələrin intriqasına çevriləcək. Bundan isə yalnız vətən və xalq əziyyət çəkəcək”.

Vilayət Muxtar

Cebhe.info

 

11:32