Böyük Britaniya: lordlar “brexit”ə “yaşıl işıq” yandırdılar

 

Böyük Britaniya parlamentinin yuxarı palatası Baş nazir Tereza Meyə “brexit” proseduruna başlamaq üçün “yaşıl işıq” yandırıb. 274 səsə qarşı 118 səs: bir qədər əvvəl aşağı palata tərəfindən qəbul edilən qanun layihəsi təsdiq olunub.

 

Sənədin qüvvəyə minməsi üçün indi yalnız kraliça II Elizabetin imzası lazımdır və bundan sonra Tereza Mey istənilən vaxt Lissabon sazişinin 50-ci maddəsinə əsasən Brüsselə Londonun Avropa İttifaqının tərkibindən çıxmasına dair sorğu göndərə bilər.

Edinburq düzəlişlərdən məhrum olunan qanun layihəsinə qarşı çıxıb. Şotlandiyanın birinci naziri Nikola Sturcen müstəqillik barədə ikinci referendum məsələsini regional parlamentin müzakirəsinə çıxarmağa söz verib. Britaniyanın Baş naziri isə öz növbəsində Şotlandiyada hakim olan milliyyətçilərin təşəbbüsünü sərt tənqid edib.

“Brexit”lə bağlı mümkün problemlər Aİ-nin digər ölkələrinin Böyük Britaniyada yaşayan vətəndaşlarını da narahat edir. Onlar deputatların diqqətini cəlb etmək üçün dünən Londonda parlament binasının önünə toplaşıblar. Lakin Aİ vətəndaşlarının hüquqlarının qarantiyası barədə İcmalar Palatası tərəfindən rədd edilən düzəliş sənədin yekun mətninə daxil edilməyib. Kraliçanın imzasından sonra sənəd qanuni qüvvəyə minəcək, Parlament arxivi və Milli arxiv üçün keçi dərisindən hazırlanan iki perqamentə həkk olunacaq.

Xudaferin.eu

09:48