Borçalı ətrafında qorxulu oyunlar

Kərəm Məmmədli: “Bu xaosu yaratmaq istəyən bəzi qüvvələrin arzusu gözündə qalacaq”

Borçalı İctimai Birliyinin sədri Kərəm Məmmədli sosial şəbəkədə “Borçalı türklərini separatçılığa cəlb etmək istəyirlər” çağırışlı bir status yazıb. Hədəfdə Borçalının olduğunu qeyd edən birlik sədri milləti ayılmağa səsələyib: “Hörmətli Dostlar! Hazırda Rusiya Federasiyasının Dağıstan Respublikasının tərkibində olan Dərbənddən başqa Cənubi Qafqazda Azərbaycan Respublikasının sərhədlərindən kənarda milli azlıq statusunda soydaşlarımızın kompakt yaşadıqları yeganə dövlət Azərbaycanın strateji dostu və müttəfiqi olan Gürcüstandır.  Hazırda Gürcüstanda soydaşlarımızın yaşadıqları bölgələr bir çox dövlətlərin kəşfiyyat orqanlarının maraqlarının kəsişdikləri və toqquşduqları düyün nöqtəsinə çevrilib. Soydaşlarımız üzərindən qorxulu oyunlar oynanılmaqdadır.
1. Məzhəb fərqliliyindən "bəhrələn"ərək soydaşlarımızı qarşı-qarşıya qoymaq və bu qarşıdurmadan öz dövlətlərinin mənafeyi naminə istifadə etmək;
2. Soydaşlarımız arasında etnosdaxili separatçılığı körükləyərək, onların "fərqli millətə" mənsub olmaları haqqında "nəzəriyyələr" uydurmaq və qondarma etnonimlər yapışdırmaq;
3. Soydaşlarımızdan onsuz da Abxaziya,Cənubi Osetiya, Cavaxetiya kimi bölgələrdə etnik separatçılıqdan əziyyət çəkən Gürcüstan dövlətinə qarşı separatçı qüvvə kimi istifadə edərək, milli münaqişə ocağı yaratmaq;
Bu çirkin oyunda çox təəssüf ki, bəzən "sapı özümüzdən olan baltalar"la yanaşı,indiki Gürcüstan və Azərbaycan iqtidarlarına müxalif, başları yadların qoltuqlarında olan təxribatçılardan geniş şəkildə istifadə olunur. Bu bədnam qüvvələrin içərisində Azərbaycan-Gürcüstan dostluğu üçün çalışan, hər iki dövlətin ictimai-siyasi dairələrində müsbət imici olan ziyalılara,ictimai təşkilatlara və şəxsiyyətlərə qarşı çirkin təbliğat kampaniyası aparılaraq onları aşağılamaq cəhdləri edilir. Bəli, bu gün "ofisi olmasa" da, Borçalı İctimai Birliyi bütün qüvvəsi ilə bu cür təxribatçılara qarşı mübarizə aparır və aparacaqdır!”
Bu cür fikirlərin səslənməsi, belə bir təhlükənin nə dərəcədə real olmasını gündəmə gətirir. Bu məqsədlə Borçalı İctimai Birliyinin sədri, tarixçi alim Kərəm Məmmədlidən bu fikrə gəlməsinə səbəb olan məqamlara aydınlıq gətirmək istədik. Birlik sədri bildirib ki, bir hərəkətlənmə olmasa da, belə təəssüratın hiss olunduğunu deyib: “İstənilən halda keçmiş sovet dövründə hər bir ölkənin ərazisi bölgüsü elə aparılıb ki, gələcəkdə bundan münaqişə kimi istifadə edə bilsinlər. Şükür Allaha ki, Borçalıda hələ bundan istifadə etməyiblər. Nə qədər ki, biz varıq edə də bilməyəcəklər. Çünki bunun üçün gördüyümüz tədbirlər var. İlk öncə Borçalı ərazisində təhsili yüksəltmək lazımdır. Təhsili olan insanları heç bir dövlət heç vaxt alət kimi istifadə edə bilməz. Oradakı soydaşlarımız Gürcüstanla Azərbaycan arasında münaqişə yox, əslində, dostluq körpüsü rolunu oynayır. Bu xaosu yaratmaq istəyən bəzi qüvvələrin arzusu gözündə qalacaq. Gerçək faktdır ki, 2008-ci il hadisəsində bundan istifadə etmək istədilər. Son anda Ermənistandan qalxan hərbi təyyarələr Gürcüstan ərazisini bombaladı. Həmin hadisənin təkrar olunmasına icazə verməyəcəyik. XII əsirdən bəri gürcülərlə Borçalı türkləri bir yerdə yaşayıb və onun dövlətçiliyində yaxından iştirak edib. Buna görə də o adamların arasına girmək mümkün olmayacaq”.

Yeganə Oqtayqızı

13:18