Bonnda BMT-nin qarşısında “Qarabağ” aksiyası keçirildi

Almaniyanın Bonn şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) binasının qarşısında Avropada fəaliyyət göstərən Azərbaycan diasporunun fəlları bir araya gələrək “Qarabağ Problemi”nin həll edilməsi istiqamətində 1993-cü ildə bu ali qurumun Təhlükəsizlik Şurasının qətnamələrinə bu günə kimi işğalı Ermənistanın əməl etmədiyi məsələsi gündəmə gətirilmişdir.

BMT binası qarşısında mitinqi təşkil edən diaspor liderlərindən Rövşən Qənbər, Elman Mustafazadə, Fəxri Hacıbəy , "Turan Birliyi"nin Hamburg Başkanı Ruhi Sarıkaya, eləcə də Svaş Atəş iştirak ediblər. Onlar bir neçə gün öncə “Qarabağa dəstək” şüarı ilə Avropada yaşayan mühacir soydaşlarımıza müraciət etmişlər. Beləliklə də Hollandiya, Belçika və Almaniyadakı mühacir fəallar “Qarabağa dəstək” mintinqinə qatılıblar.
Mitinqdə bildirilib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın işğalçı dövlət olduğunu sübut edən 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edilibdir. Bu beynəlxalq ali qurumun qətnamələrində birmənalı şəkildə qeyd olunur ki, Ermənistana məxsus işğalçı qoşunlar dərhal Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. BMT 1991-ci ildən Azərbaycan dövlət müstəqilliyini və ərazi toxunulmazlığını tanıyır, bu məqsədlə dövlətlərin ərazi bütövlüyünə sadiqdir. Çox təəssüflər olsun ki, aradan 25 il ötməsinə baxmayaraq, Ermənistan öz işğalçılıq siyasətini bu gün də davam etdirir. Bununla yanaşı, beynəlxalq qurumların işğalçılıq siyasətini qətiyyətlə rədd edən qərarları ilə hesablaşmaq istəmir. 
Qeyd edək ki, mitinqin əsas təşkilatçıları "Avropa-Dünya Azərbaycanlıları" təşkilatı, Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti və Almaniyada "Turan Birliyi" Cəmiyyətidir. Bu yöndə ilk dəfədir ki, qürbətçi soydaşlarımız belə bir aksiya keçirirlər.
Mitinq təşkilatçılarından biri olan Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafzadə bildirib ki: “Qarabağ məsələsi ilə bağlı aksiyalar daha geniş miqyasda və mütəmadi şəkildə təşkil olunacaq. Əsas hədəf Azərbaycanın işğal olunmuş əraziləri məsələsində beynəlxalq birliyi fakt qarşısında qoymaqdır. ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın işğal etdiyi ərazilərindən dərhal çıxarılması barəsində son günlər çox sərt açıqlamalar vermişdir. D. Trampın bu açıqlamalarına sadəcə ABŞ hökuməti deyil, Kanada, İngiltərə, Fransa və digər beynəlxalq güclər də dəstək verməyə başlayıblar. Hər hansı bir dövlətin işğalçılıq siyasətinə qarşı beynəlxalq həmrəylik hərəkatı yaranmaqdadır. Azərbaycanın milli diaspor təşkilatları, liderləri və fəalları da bu prosesə qoşulmaqla dünya birliyinin diqqətini Qarabağ həqiqətlərinə, eyni zamanda Ermənistanın 27 ildir işğalçılıq siyasəti yürütdüyünə cəlb etməkdir”. 

Xudaferin.eu

11:29