BMT və yerli hakimiyyət Urmu Gölü böhranı ilə bağlı xəbərdarlıq etdilər

 

İran mollakratiya rejiminin məqsədli şəkildə apardığı siyasətin sonucu olaraq Urmu Gölündə böhran getdikcə dərinləşir. Son məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Tehrandakı təmsilçisi Gary Lewis Urmu Gölündə suyun səviyyəsinin aşağı düşməsi ilə bağlı xəbərdarlıq edib. O, bu barədə İnstaqram səhifəsində məlumat yayıb.

“Urmu Gölündən nigaranedici xəbərlər gəlir. Birgə edilən cəhdlərə rəğmən Urmu Gölündə suyun səviyyəsi sürətlə aşağı düşür. Suya tələbat düzgün idarə olunmasa, bu problem davam edəcək. Artıq səylərimizi ikiqat artırmaq lazımdır”- deyə BMT nümayəndəsi bildirib.

Bu yöndə “Ətraf Mühit Təşkilatı”nın başçısı və mollakratiya rejiminin prezidenti Həsən Ruhaninin İsa Kəlantəri uzun müddət susqunluq nümayiş etdirdikdən sonra, həyəcan təbili çalıb. O Beynəlxalq Şəms Təbrizi salonunda keçirilən “V Texnologiya və İnnovasiyalar Rinoteks Sərgisi”nin açılışı mərasimi zamanı öz çıxışında bu məsələyə toxunub.

“Hər kəs Urmu Gölünün qurtarılması üçün müxtəlif planlar təklif edə bilər. Amma təəssüflər olsun ki, kimsə bunları icra etmək fikrində deyil. Deyirik ki, filan bəndə su buraxılmamalıdır və ya filan bəndin suyu azad edilməlidir. Lakin bu planları icra etməkdə problemimiz var”- deyə o belə bir açıqlama verib.

İsa Kəlantərinin iştirak etdiyi törənə qatılan Güney Azərbaycanın başkəndi Tərbizin imam cüməsi Seyid Məhəmmədəli Əli Haşim Urmu Gölündə vəziyyətin gərginləşdiyini qeyd edib. O bildirib ki, “dövlət ötən illərdə Urmu Gölü ilə bağlı müəyyən işlər görüb, lakin bütün bunlar yetərli deyil, gölün hazırkı vəziyyəti nigaranlıq doğurur.”

Urmu Gölü böhranının Güney Azərbaycanın bütün bölgələrinə vurduğu ağır ziyanlara işarə edən imam cümə vurğulayıb ki, dövlət gölü qurtarmaq üçün daha çox səy göstərməli, bu yolda iradəli olmalıdır. Bəzi hakimiyyət dairələri məlum məsələləri nəzərə alaraq Urmu Gölü ilə bağlı dövlətin müəyyən işlər gördüyünü açıqlayır. Lakin elə hökumətə mənsub digər rəsmi şəxslər bu iddianı rədd edərək göldə yaranan böhrana qarşı heç bir əməli tədbir alınmadığını bildirir. Hazırda Urmu Gölünün 95 faizi quruyub, suyun səviyyəsi isə günü-gündən aşağı düşür. Bu vəziyyət milyonlarla insanın həyatını təhlükə ilə üz-üzə qoyub.

Xudaferin.eu

Güney Azərbaycan, "Urmu Bürosu"

 

10:12