"Bizim azadlıq və istiqlaliyyətimizi gözləri götürməyən rəqiblərimiz deyirlər ki..."

Düz 100 il əvvəl-1919-cu il mayın 28-də Azərbaycanın İstiqlaliyyət günü necə qeyd olunmuşdur? Tarix bu barədə bizə hansı dərsləri verir? 
 
Bu suala cavab vermək üçün bir əsr əvvəl “Azərbaycan” qəzetində çap olunmuş “İstiqlal” bayramı” məqaləsini nəzərinizə çatdırırıq. Professor Şirməmməd Hüseynovun  “525-ci qəzet”də dərc etdirdiyi həmin məqaləni oxuculara təqdim edirik:
 
 
İstiqlal bayramı 
 
Mayısın 27-də daha şəhər bayraqlar ilə müzəyyən edilmişdi. Hər kəsdə bir təlaş görünməkdə idi. Paytaxtımızın yuxarı his-sələrində belə alaqapı qayrılmaqda idi. Küçələr boyu məftillər çəkilərək əlvan fanuslar, rəgbərəng bayraqlar asılırdı. Türk ətfalı da işbu bayramın əzəmətini, hörmətini düşündüklərindəndir ki, bir gün əvvəl rəsmi keçidə hazırlanırdılar. Kağız papaqlar, taxta silahlar hazırlanır, dalanlarda təlimat yapılırdı.
Gözlənilən 28 Mayıs günəşi tülu etdi. Artıq paytaxtın bəzəyi on qat artmışdı. Sokak boyu aşağı-yuxarı baxacaq evlərdən üç rəngli, hilallı, ulduz nişanlı bayraqların yellənməsi insanın qəlbində fərəh oyadırdı.
Yaşıllıqlar ilə bəzənmiş balkonlardan asılmış qiymətli xalılar, ipək örtüklər, "Yaşasın istiqlal!", "Yaşasın Azərbaycan!" yazılı bayraqlar millətdə ruhi-vətən və millət məhəbbətini layiqincə göstərirdi.
Marşurut qərarı üzrə məktəblərin çocuqları buradan Məclisi-Məbusan (parlaman) qarşısına getməli idi. Bazar küçəsi ipək parçalar, xalılar və rəngbərəng bayraq ilə bəzədilmişdi.
Məclisi-Məbusan bir gün əvvəldən istiqlal bayramı libası geyinmişdi. Damında elektrikdən "Yaşasın istiqlal!" şüarı yazıl-mış, böyük qapısı üstündə məşhur türk nəqqaşı Əzim Əzimzadə tərəfindən yazılmış istiqlal embleması elektrik lampaları ilə bə-zənmişdi. İşbu rəsm olduqca mənalı və calibi-diqqət idi. Bir gün əvvəl buradan keçənlər biixtiyar durub rəsmə baxır, gözəlliyini və manidar olduğunu tanımadığı başqa bir tamaşaçıya söyləyirdi.
Bu rəsmdə Azərbaycanın tarixi nümunələri mahiranə bir surətdə təcəmmö etmişdi: Qız qalası üzərində üç rəngli Azərbaycan bayrağı, Suraxanıdakı tarixi Atəşgədə, sentyabr müharibəsində xəsarət almış Yanar Dağ...
Digər tərəfə minarələrində ay-ulduz rəkz edilmiş, Xan məscidlərini tülu etmiş, istiqlal günəşi işıqladır. Zanbaq kimi istiqlal səmasında Vətən, İstiqlaliyyət və Məhəbbət nişanı, mülk bütün Azərbaycan üzərində üç rəngli hilal-ulduzlu "Yaşasın istiqlal!" şüarlı bayrağı tutmuşdu.
Həqiqət işbu rəsmi-şayan təhsin idi.
Bələdiyyə idarəsi də bayraqlar içində idi. Bir sözlə, bayraqlar, bayraqlar! Yaşıl ot, əlvan parçalardan alaqapılar bəzədil-miş idi. Küçəyə çıxan balkon elektrik ilə çıraqban edilmişdi. Şəhər bağı və bulvarda da bələdiyyə idarəsi tərəfindən alaqapılar bəzənib hesabsız milli bayraqlar asılmışdı. İçəri şəhərdəki bütün məscidlərin minarələri başında milli bayraqlar rəkz edilərək elektrik ilə çıraqban edilmişdi. Xan sarayları üzərində də milli bayraqlar asılmış, məşhur Qız qalası çıraqban edilmişsə də üzərində iki böyük bayraq rəkz edilmişdi.
Təzəpir camei çıraqban edilmiş, bayraqlar asılmışdı. Bütün paytaxtdakı minarələr elektrik ilə tənvin, milli bayraqlar ilə təzyin edilmişdi.
Dövlət binaları, nazirliklər, xüsusilə Daxiliyyə nazirliyi olduqca qəşəng bəzənmişdi. Bulvardan Daxiliyyə nazirliyinə baxdıqda ay-ulduza bürünmüş işıqlı, bəzəkli bir qala kimi gözə çarpırdı. Bulvar qarşısındakı hesabsız bayraqlar ilə müzəyyən qayıqlar paytaxtı salamlayaraq böyük bayram ilə təbrik edirdilər.
Saat 9 radələrində Məclisi-Məbusan qarşısında izdiham qələbəlik bir dərəcədə idi ki, artıq keçməyə yol tapmaq namümkün idi. Bütün o dairədəki evlərin damları, pəncərə və balkonları tamaşaçılar ilə dolmuş idi. Damda qoşa zurna çalınır. Qarşıdakı balkonda məşhur tarzən Şirin, məşhur xanəndə Cabbar Qaryağdı oğlu çalıb oxuyurdu.
Saat 10 radələrində mədən dairələrindən "Müsavat" və "Hümmət" firqələri tərəfindən təşkil edilmiş fəhlələr bayraq və musiqi ilə gəldilər. "Hümmət" firqəsinin bir çox al və milli bayraqları ilə bərabər embleması, "Müsavat"ın bir çox bayraq və embleması aralığı təzyin edirdi. Bir az keçmədən minlərlə məktəb şagirdləri havada kiçik milli bayraqları yelləyərək "Yaşasın!" sədaları ilə dairəyə gəldilər. Ətfalın səsləri asimanə bülənd olurdu. İzdiham da çocuqların sədalarından cünbişə gələrək "Yaşa!" - deyə onlara qoşuldular. Tam 15 dəqiqə işbu kütleyi-əzim "Yaşasın!" sədaları, əl şıqqıltıları bütün ətrafı gumbuldatdı. Bələdiyyə idarəsi qarşısından tutmuş Məclisi-Məbusan dairəsi, Parapet bulvarı, dövlət dairəsi tamaşaçılar ilə xıncaxınc idi.
Dəstə-dəstə, mini-mini çocuqlar antik xalılarda taxta silahlar ilə ağır topxanaları ilə əlam bir əsgər kimi marş oxuyaraq gəzirdilər...
Bir az keçmədən "Müsavat"ın bəzəkli avtomobili, türk mürəttiblərinin avtomobili dairəyə gəldi, türk mürəttibləri doğrudan da "əntiqə" bəzənmişdilər. İçərisində iki hürufat kassası qoyulmuş, iki nəfər mürəttib iş əlbisəsində cümlə yığır...
Bir az keçəndən sonra Məclisi-Məbusan qarşısında M.Ə.Rəsulzadə cənabları kürsiyi-xitabətə çıxaraq xalqın alqışları altında bir nitq irad edərək camaatı milli böyük bayram və bəxtiyarlıq ilə təbrik etdi: "Bizim düşmənlərimiz, azadlıq və istiqlaliyyətimizi gözləri götürməyən rəqiblərimiz deyirlər ki, Azərbaycan istiqlalını xanlar, bəylər elan etmişlər. Xalq onu istəmir. İştə camaat, bugünki izdiham, bugünki bəşaşət istiqlaliyyətin xanlar deyil, bəylər deyil, xalq tərəfindən elan edildiyini düşmənlərimiz artıq görsünlər". (Xalqın alqışları altında nitqinə xitam verir). Ondan sonra başqa natiqlər də nitq etdilər...
 
"Azərbaycan", 1 həziran 1919, №192

11:47