Birləşmiş Ərəb Əmirliklərinin “Aviamost” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan məqalə dərc edilib

Birləşmiş Ərəb Əmirliklərində ərəb, ingilis, Çin və rus dillərində nəşr olunan və geniş auditoriyaya malik “Aviamost” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Müsəlman dünyasının ilk demokratik respublikasını yada salaq” adlı məqaləsi dərc edilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, xalqın xatirəsində silinməz iz buraxmaqla tarixdə adları həkk olunmuş siyasətçilərin, ictimai-siyasi xadimlərin, diplomatların olduğunu qeyd edən səfir Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri və xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun onlardan biri olduğunu bildirir. O, Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti haqqında oxuculara ətraflı məlumat verir. Vurğulayır ki, müsəlmanların diskriminasiyasına son qoyulması və Rusiya imperiyasının bütün subyektlərinin bərabər hüquqlarının təmin edilməsi Topçubaşovun siyasi platformasının əsaslarını təşkil edib. 1905-ci il birinci Rusiya inqilabı ərəfəsində Azərbaycan ziyalıları və burjuaziyasının görüşünün təşəbbüskarı məhz Topçubaşov olub. Həmin görüşdən sonra Rusiyada yaşayan müsəlmanların siyasi hüquqları və azadlıqlarının təmin olunmasına dair petisiya imperatora ünvanlanıb.

Məqalədə Topçubaşovun Rusiyanın ilk müsəlman partiyası olan “İttifaqi-Müslimin” partiyasının yaradıcısı olduğu və onun üç konfransını keçirdiyi diqqətə çatdırılır. Bildirilir ki, Əlimərdan bəy 1906-cı ildə seçilmiş Rusiya Dumasında müsəlman fraksiyasına başçılıq edib, lakin parlament buraxıldıqdan sonra 3 ay müddətinə həbs olunub, deputat seçilmək hüququndan, Bakı bələdiyyəsindəki vəzifəsindən və “Kaspi” qəzetindəki işindən məhrum olub. Məhz həmin ərəfədə Topçubaşov İran Ədliyyə Nazirliyinə dəvət olunub, lakin təklifi qəbul etməyərək mübarizəsini davam etdirib.

1918-ci ilin mayında müsəlman dünyasının ilk demokratik respublikasının yaradılmasından sonra Topçubaşov yeni təsis olunmuş Nazirlər Kabinetinə daxil olub və özünü gənc respublikanın dünya ölkələri tərəfindən tanınmasına həsr edib. O, fövqəladə və səlahiyyətli nazir qismində Avropa ölkələri ilə əlaqələrin qurulması üçün İstanbul şəhərinə göndərilib, orada xarici diplomatlar və siyasətçilərlə silsilə görüşlər keçirərək yeni Azərbaycanın reallıqlarını tərəf müqabillərinə çatdırıb. 1918-ci ilin dekabrında Əlimərdan bəy Topçubaşov qiyabi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin sədri və xarici işlər naziri seçilib. Paris Sülh Konfransında iştirak etmək üçün Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyətini formalaşdırılıb. O, 1919-cu ilin may ayında ABŞ, Böyük Britaniya, Almaniya, İran, Türkiyə, Polşa və digər ölkələrin nümayəndələri ilə görüşlər keçirib. Onun Parisdə ən böyük nailiyyəti isə ABŞ-ın Prezidenti Vudro Vilson ilə görüşü olub. Məhz həmin görüşdən sonra Vilson “bundan sonra Azərbaycan xalqı müstəqilliyini və azadlıqlarını qoruyub saxlamaq üçün Amerikanın dəstəyini alacaq” sözlərini deyib. Fransa Xarici İşlər Nazirliyində Topçubaşova Azərbaycan Xalq Cümhuriyyətinin Fransa və müttəfiq ölkələr tərəfindən de-fakto tanınmasına dair sənəd təqdim olunub və bu, Azərbaycan diplomatiyasının böyük uğuru idi.

Yazıda 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra Əlimərdan bəy Topçubaşovun vətənə dönə bilmədiyindən Parisdə qalaraq müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirdiyi bildirilir. Vurğulanır ki, Topçubaşovun vəfatından 57 il sonra onun Azərbaycan müstəqilliyinin bərpa edilməsi arzusu gerçəkləşib.

Səfir Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini oxucuların diqqətinə çatdırır.

17:28