Bir nəfərin yaşaması üçün 173 yox, azı 400 manat olmalıdır

 

Gələn il yaşayış minimumunun artırılması məsələsini ərzağın bahalaşması kontekstində ekspert Nəriman Ağayev dəyərləndirir. Son bir ildə ərzağın 18 faiz bahalaşması fonunda hökumətin də yaşayış minimumunu 18 faiz yüksəldəcəyi gözlənilirdi. Əvəzində isə yaşayış minimumu cəmi 11.6 faiz artmalıdır.

«İllik inflyasiya göstəricilərindən irəli gələrək, hökumət yaşayış minimumunu ən azı 14 faiz artırmalı idi. Dövlət Statistika Komitəsi illik inflyasiyanın 13.9 faiz həddində olduğunu, ərzağın 18.2 faiz bahalaşdığını bildirir. Qeyri-rəsmi informasiyalara görə isə, inflyasiya 20 faizə yaxındır. Belə halda ən azı rəsmi inflyasiya səviyyəsində artım olmalı idi».

 

Ekspert vurğulayıb ki, Bakıda bir şəxsin yaşaya bilməsindən ötrü azı 400, regionlarda isə 300 manat aylıq maaşa ehtiyac var. Onun fikrincə, 173 manat yaşayış minimumu isə ancaq mövcud olmağa yetər. N.Ağayev xatırladıb ki, rəsmilər ölkədə əhalinin cəmi 5 faizinin yoxsul olduğunu deyir. Ancaq onun fikrincə, bu rəqəm heç də inandırıcı görünmür: «Unutmaq olmaz ki, 2018-ci ildə büdcə kəsiri kifayət qədər yüksəkdir. Dövlətin durumu düzəltmək imkanı və xüsusilə yaşayış minimumunu 20 faiz qaldırmaq gücü yoxdur. Hökumət də başa düşür ki, 2018-ci ildə də xammalın qiyməti artmayacaq, odur ki, neft sahəsinə investisiya da artmayacaq. Buna görə də sosial xərclər də daxil olmaqla, bütün xərcləri maksimum şəkildə azaldır».

N.Ağayev vurğulayıb ki, 2018-ci ildə ölkənin xarici borclarını ödəməsi üzrə məsrəfləri artacaq.

Exo.az

 

09:46