Bir ayda banklardan 604 milyon dollar çəkilib

 

Azərbaycanda bankların əmanət və depozitləri bir ayda 604 milyon dollar azalıb. Bu barədə iqtisadçı ekspert Nemət Əliyev məlumat paylaşıb. İqtisadçı yazır ki, hökumət banklardan kənara maliyyə axınını durdura bilmir. Ötən ilin dekabrında əhalinin banklarda dollarla saxladığı əmanətlərin həcmi 216 milyon dollar azalıb. Maliyyə və qeyri-maliyyə təşkilatlarının xarici valyutada saxladığı depozitlərin həcmi isə 277 milyon dollar düşüb. Bu dövrdə manatla saxlanan əmanət və depozitlərin ümumi həcmində də 72 milyon manat azalma qeydə alınıb. İqtisadçı ümumiləşdirmə apararaq, azalmanı dollarla ifadə edib – 604 milyon.

Beləliklə, aydın olur ki, maliyyə-resurs imkanlarının daralması səbəbiylə bankların vəziyyəti dekabrda daha da pisləşib. Böhranın durdurulmasına dair verilən rəsmi anonslara inanmalı olsaydıq, gərək əksi olaydı, depozit və əmanətlərin həcmi artaydı. Lakin faktlar rəsmi anonsların əksini, yəni pisləşməni təsdiq edir. Təsdiq edir ki, bank əmanətləri son bir ildə 1,9 milyard dollar, son iki ildə 5 milyard dollar azalaraq 4,2 milyarda düşüb”, – deyə N.Əliyev feysbuk səhifəsində yazıb.

Azadliq.info

 

08:35