“Bir araba odun gətirin, dünya dağılmaz”: Göyçay məktəbləri donur

 

Göyçay rayonu Potu kənd məktəbinə qaz verilmədiyi üçün icra başçısının qohumu məktəbin direktor əvəzi valideyinlərdən odun gətirmələrini istəyir. Direktor əvəzi Solmaz müəllimə deyir ki, uşaqlar sizin uşaqlardır, uşaqlarınızın xətrinə hərəniz bircə araba odun gətirsəniz dünya dağılmaz ki?! Övladının məktəbdə müəllimlər tərəfindən təhdid olunacağından ehtiyat edərək, adının çəkilməsini istəməyən valideyn qeyd edir ki, bu odun istəməyi də elə siyasətlə istəyirlər ki, adam naəlac qalır.

Rayonun kənd məktəblərində qaz problemi və istilik sisteminin işləməməsinə görə məktəbli uşaqlara soyuq siniflərdə dərs keçirilir ki, bu açıq-aşkar işgəncədir. Nəticədə də uşaqlar soyuqdan xəstələnirlər. Şagirdlər və müəllimlər sinifdə papaqla, şərflə, paltolarla oturub dərs keçirlər. Şagirdlərinin yarısı soyuqdan xəstələnib dərsə getmirlər, bir çox valideynlər isə soyuq sinifdə dərs keçirilməsinə görə uşaqlarını məktəbdən çıxarıblar. Rayon rəhbərliyi, təhsil şöbəsi heç bir tədbir görmək istəmir. Çünki bu adamları ancaq öz maddi maraqları düşündürür. Göyçayın mərkəzi və mərkəzə bitişik qəsəbələr istisna olmaqla, kəndlərdə qaz yoxdur. Hansı ki Sovetlər dönəmində həmin kəndlərin hamısı qazlaşdırılmışdı.

“Azəriqaz” İstehsalat Birliyinin yerli şöbələri abonentləri boğaza yığıb. Qış gələndən regionlarda İstismar İdarələri vətəndaşların başına oyun açır. Onların gah qaz xətləri kəsilir, gah təchizat dayandırılır, gah da qəza-təmir adı ilə fasilələr verilir. Bu vəziyyət də qışın sazağında camaatı evlərində donmağa məhkum edir. Göyçay sakinləri rayon Qaz İdarəsindən şikayətçidirlər.

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi ölkə başçısı İlham Əliyevin qəzəbinə gəlib. Səbəb isə əhalinin son günlər ən çox bu qurumdan şikayətçi olması və SOCAR-ın tabeliyində olan “Azəriqaz”ın hakimiyyət üçün əməlli-başlı problem yaratmasıdır.

“Azəriqaz” Dövlət Neft Şirkətinin tabeliyinə keçəndən sonra uzun illər bu sahədə təcrübəsi olan işçilər də dəyişdirilib. Artıq həmin “Azəriqaz”dan əsər-əlamət yoxdur “Azəriqaz” İB-nin tabeliyində olan idarə və sahələrinə təcrübəsiz və savadsız kadrlarla doldurub. Hətta qurumda mühəndis texniki sahələrdə calışan işcilərin 43,25 %-ixtisasca mühəndis olamasi bir kənara hətda təhsilləri olmayan şəxslər belə vəzifə başındadir.

Maraqlıdır ki, qurumun struktur bölmələrində çalışan çilingər fəhlə heyyətinin 33,25 % ali texniki təhsilli olan şəxslərdən təşkil olunub.

İndi də Göyçay kəndlərinin məktəbləri donur və məktəblilər əziyyət çəkirlər. Direktorlar isə odun pulu tələb edirlər. Meşələri qırmaq isə cərimə ilə nəticələnir. Belə bir gərgin vəziyyət yaranıb və vətəndaşlar bu il Göyçayın kənd məktəblərinə qaz veriləcəyini ümid etmirlər.

 

Hefteaz.info

 

09:54