Əbil Həsən: İtkinlik

 

Hərbi xidmətimi sovet ordusu sıralarında – Ukraynada keçmişəm. Əsgərlikdən sonra anamın razılığı ilə orada qalıb ali təhsil də aldım. İş elə gətirdi ki, Lyudmila adlı bir qızla evləndim və Ukraynada yaşamağa qərar verdim. Hər şey qaydasında idi. İşləyirdim, oğlumuz dünyaya gəlmişdi, bir sözlə xoşbəxt idim. Günlərin bir günü anamdan gələn məktub vəziyyəti dəyişdi. O, yazırdı: “ Oğul ermənilər burada yaman baş qaldırıblar. Hökümətimiz Sovet əsgərləri ilə birlikdə camaatda olan silahları yığıblar, ov tüfənglərinə qədər alıblar əlimizdən, qalmışıq əliyalın. Ermənilərin qabağına yabayla çıxırıq. Elə axşam olmur ki, kəndi atəşə tutmasınlar. Evdə iki bacın var, qorxuram əsir düşərlər el içinə çıxa bilmərik. Qayıt geriyə, oğul! Qayıt vətənini, ailəni qoru!”
Məktubu Lyudmilaya oxudum. Mütləq getməli olduğumu bildirdim. Onun qoca anasından başqa heç kimi yox idi. Təbii ki, anasını qoyub heç yerə getməyəcəyini dedi. İstəməyərək də olsa, ana və vətən sevgisi uğrunda öz xoşbəxtliyimizi qurban verməli olduq.
Vətənə qayıtdım. Burada vəziyyət düşündüyümdən də gərgin idi. Min bir əzab-əziyyətlə özünü müdafiə dəstələri yaradıb kəndi qoruyurduq. Hava qaralan kimi ermənilər kəndi atəşə tuturdular. Cavab atəşi açanda isə sovet əsgərləri kəndi mühasirəyə alır, silahları yığmamış əl çəkmirdilər. Bütün bunlara baxmayaraq, Milli Ordu yaradıldı və bütün könüllülər kimi biz də Müdafiə Nazirliyinin tərkibinə keçdik.
Amma, artıq ermənilər rus ordusunun köməyi ilə bizə kəndlərimizi boşaltdırmışdılar. Canımızı götürüb güclə kənddən çıxmışdıq. Bununla belə, yenə döyüşərək bir neçə kəndi geri almışdıq. Döyüşlərin birində yaralandım. Uzun müddətli müalicə kursundan sonra yenidən döyüş bölgəsinə qayıtdım. Lakin, işlər gözlədiyimiz kimi getmədi. Rayonlar bir-birinin ardınca işğal olundu və mən bir neçə zabitlə bərabər torpaqların itirilməsində günahkar elan edilərək həbs olundum. Nəticədə ömrümün bir neçə ilini həbsdə keçirməli oldum. Doğrudur, sonra bizə bəraət verildi və azad olunduq. Lakin, olan olmuşdu.
Ömrümün ən gözəl illəri həbsxanada çürümüş, xoşbəxtliyim əlimdən getmişdi. Bu illər ərzində Lyudmila ilə maraqlanmağa imkanım olmadı. Həbsdən çıxan kimi Ukraynada vaxtilə yaşadığım ünvana məktub yazdım, lakin cavab gəlmədi. Sonda istəmədən də olsa anamın təkidi ilə evləndim. Həyatımı yenidən qaydaya salmağa başlayırdım. Dostlarımın köməyilə qəzetlərin birində iş də tapmışdım. Nağıllarda deyildiyi kimi illər bir göz qırpımında keçmiş, saçımda ağ tüklər görünməyə başlamışdı. Uzaq keçmişi demək olar ki, unutmuş və ya unutduğumu zənn etmişdim. Arabir yadıma düşən xatirələrdən başqa demək olar ki, heç nə xatırlaya bilmirdim.
Bir gün redaksiyada olarkən Rusiyanın Ukraynaya hərbi müdaxiləsi barədə xəbər eşitdim. Şimal qonşumuz bizə olduğu kimi bu ölkəyə də dolayı yolla müdaxilə etmişdi. Orada ağır döyüşlər gedirdi. Yadıma bir anlıq keçmiş vaxtlar, orada yaşadığım gözəl günlər düşdü. Vaxtilə Ukraynada yaşadığımı və oralara bələd olduğumu nəzərə alaraq məni ora ezamiyyətə göndərdilər. Bu mənimçün lap göydəndüşmə oldu. Düşünürdüm ki, həm Lyudmilanı tapar, həm də oradakı vəziyyəti lazımınca işıqlandıraram.
Kiyevə gəldim. Önə xəstəxanalara baş çəkdim. Haraya gedirdimsə yarılarla dolu idi. Onların arasında,əsgərlərlə yanaşı uşaqlar, qocalar,qadınlar da var idi. Sonra qaçqın düşərgələrinə getdim. Bura Krımn, Donetsk və Luqanskdan olan qaçqınlarla dolu idi. Onlar var dövlətlərini qoyub canlarını götürüb, Rusiya üsul-idarəsini qəbul etməyib Kiyevə qaçmışdılar. Maraqlıdır ki ,onların arasında əvvəlcə Rusiyanın yağlı vədlərinə inanıb ora gedib, aldandıqlarını anlayıb yenidən Ukrayinaya qayıdan qaçqınlar da var idi. Onlar milliyətcə ruslar idi. Topladığım məlumatları redaksiyaya ötürdükdən sonra Lyudmilanı axtarmağa başladım.
Bizi rus əsgərlər tərəfindən qətlə yetirilmiş Ukrayna əsgərlərinin dəfn edildiyi qəbristanlığa ziyarətə apardılar. Öldürülənlərin əksəriyyəti gənclər idi. Valideyinləri, əzizləri qəbirlərini ziyarətə gəlmişdilər. Bura Bakıdakı Şəhidlər Xiyabanına çox bənzəyirdi. Məzarlara baxa-baxa irəliləyir, beynimdə Lyudmilanı axtarmağa haradan başlamaq barədə düşünürdüm. Qəbirlərdən birinin qarşısında qara paltarlı bir qadın ağlayırdı. Ora yaxınlaşanda gözlərimə inana bilmədim. Məzar daşındakı soyad mənim soyadımla eyni idi. Üstəlik “ata” adı yerində mənim adım yazılmışdı. Donub qalmışdım. Bu ola bilməzdi. Sanki dizlərimdə taqət tükəndi və gözlərim qaraldı. Sonuncu xatırladığım şey yıxılmağım idi. Gözlərimi açanda xəstəxanada idim. Lyudmila başımın üstündə dayanmışdı. Sən demə Qarabağda məni yaralayıb öldürə bilməyən güllə burada oğlumun həyatına son qoymuşdu. Gözlərim tavana zillənmişdi. Lyudmila əllərimdən möhkəm yapışaraq ağlaya-ağlaya deyirdi: “Əzizlərimdən birini itirdim, digərini itirmək istəmirəm” …

19:41