Beynəlxalq təşkilatlar Ermənistan dövlətinin işğalçı mövqeyini, terrorizmə dəstəyini ifşa etməlidirlər

Hamıya məlumdur ki, hazırda Ermənistanın daxili vəziyyəti çox gərgindir. Son zamanlar Ermənistanda gərgin sosial-iqtisadi, demoqrafik vəziyyət hökm sürür. Ölkənin siyasi sistemi bərbad vəziyyətdədir. Bu durumda Ermənistan rəhbərliyi yarıtmaz siyasətini ört-basdır etmək və xalqın, ictimaiyyətin diqqətini xarici düşmən obrazına yönəltmək üçün müxtəlif təxribatlara əl atır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputat Müşfiq Cəfərov söyləyib.

Deputat qeyd edib ki, ermənilər Azərbaycana qarşı dəfələrlə təcavüz aktı, türklərə qarşı soyqırımlar törədiblər. Bütün bunlar təsadüfi deyil və ermənilər bu addımları planlı şəkildə həyata keçiriblər. Bunun arxasında türklərə düşmənçiliklə yanaşı, “böyük Ermənistan” ideyası da dayanır. Ermənistanın məkrli planlarının məqsədi budur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayaraq yeni münaqişə zonaları yaratsın. Məhz bu məqsədlə də düşmən təxribata əl atır. Əsas qayə isə Gəncə şəhərini hədəf kimi göstərərək, daxildə öz xalqını yeni ərazi iddialarına həvəsləndirməkdir. Bu bəyanatı verən Ermənistan rəhbərliyi özünü dünyaya əsl olduğu kimi, yəni, faşist ideologiyasına malik insanlar kimi təqdim edir.

Mənfur qonşularımız hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq ictimaiyyətə və demokratiya qanunlarına etinasızlıq göstərərək, işğal etdiyi Azərbaycan ərazilərinin azad olunması barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan beynəlxalq öhdəlikləri açıq şəkildə pozmaqda davam edir və müxtəlif ölkələrdən ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılmasını davam etdirir. Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş saxta muxtariyyətin lideri Livandan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib. Hətta Ermənistanın ictimai radiosunun yaydığı xəbərə görə, artıq Livandakı bir neçə ailə bölgədə yerləşdirilib. Bu qanunsuz məskunlaşdırma, həmçinin Azərbaycana məxsus torpaqlarda aparılan tikinti işləri dərhal dayandırılmalı, beynəlxalq normaları pozan düşmən məsuliyyətə cəlb olunmalıdır.

Biz gözləyirik ki, ATƏT Ermənistanın bu separatçı davranışına qarşı əməli tədbir görsün, eləcə də işğalçı ölkə rəhbərliyindən dövlətimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə tam hörmət göstərərək, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən 4 qətnaməsini qeyri-şərtsiz yerinə yetirməsini tələb etsin.

Düşünürəm ki, Nikol Paşinyanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri, orada döyüş postlarını gəzərək bəyanatlar verməsi Ermənistan hakimiyyətinin heç bir sülh danışıqlarına razı olmadığını bir daha göstərir. İşğalçı ölkənin hakimiyyəti qanunsuz davranışlarını davam etdirir.

“İşğalçı niyyətini açıq-aşkar ortaya qoyan Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda təntənəli mərasim keçirərək Tovuz döyüşlərinin iştirakçılarına müxtəlif medal və ordenlər, həmçinin bir nəfərə “milli qəhrəman” adı verib. Görünən odur ki, Paşinyan öz sələflərinin və faşist babasının faşizmə olan dəstəyini davam etdirərək onun daha da möhkəmləndirilməsinə çalışır. Artıq mötəbər beynəlxalq birliklər və təşkilatlar Ermənistan dövlətinin işğalçı mövqeyini, terrorizmə dəstəyini görməli və ifşa etməlidirlər.

xudaferin.eu

13:38