Beynəlxalq sənət festivalında ölkəmiz uğurla təmsil olunub

 

İspaniyada reallaşan Beynəlxalq Tətbiqi Sənət Festivalına Azərbaycan da qatılıb. “Fiestaloniaadlı festivalda ölkəmiziGünxan Artstudiyası təmsil edib.

Festivalda Azərbaycan Rəssamlar İttifaqının üzvü Günel Hüseynova və 8 istedadlı fırça ustasının 12 sənət əsəri təqdim edilib. Həmyerlilərimizin əl işlərinin üçü birinci yerə, üçü isə ikinci yerə layiq görülüb. Festival təəssüratlarını bölüşən G.Hüseynova bildirib ki, “Fiestalonia” festivalı üç ölkədə - İspaniya, Fransa və İtaliyada keçirilir: “Studiya Fransaya dəvət alsa da, sırf fərdi sərgi üçün İspaniyada keçirilən tədbirə qatıldıq. Qiymətləndirmə isə 3 ölkənin münsifləri tərəfindən həyata keçirildi. İlk dəfə ötən il tədbirə Azərbaycanın incəsənət ustaları ilə birgə qatılsaq da, bu dəfə fərdi şəkildə dəvət aldıq. Festival çərçivəsində fərdi sərgimiz təşkil edildi və böyük maraqla qarşılandı. Festival incəsənətin bütün sahələrini əhatə etdiyi üçün rəngarəng xarakter daşıyır. Dünyanın 30-dək ölkəsinin iştirak etdiyi sənət bayramında Azərbaycan tətbiqi sənət nümunələrinin sərgilənməsi milli mədəni irsimizin təbliğinə xidmət edir”.

Qeyd edək ki, dünyanın bir çox ölkələri “Fiestalonia” festivalına maraq göstərir. İştirakçı ölkələr öz bədii sənətini təbliğ edir və burada incəsənətə baxış bir bucaq altında cəmlənir. Festival xalqların birliyini və dostluğunu tərənnüm edir, insanları sənət naminə sülhə səsləyir.

Xudaferin.eu
“Avropa Bürosu”

05:56