Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinə rəhbər təyin olunub

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub. Şimali Makedoniyadan olan Vladimir Qyorqyiev qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində fəaliyyətə başlayıb.

BMqT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, o, milli və qlobal səviyyələrdə satınalma siyasəti və sistemləri, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq, əməliyyatlar, nəqliyyat və yük logistikası, hüquq məsələləri, fəlakət riskinin azaldılması və ona hazırlıq, eləcə də miqrantların könüllü qayıdışı və inteqrasiyası proqramlarında 20 ildən artıq təcrübəyə sahibdir.

V.Qyorqyiev bu təyinatından əvvəl Amman, Nayrobi və Skopye şəhərlərində satınalma və mülklərin idarə olunması üzrə BMqT mütəxəssisi kimi fəaliyyət göstərib. BMqT-yə 1999-cu ildə qoşulan Qyorqyiev 2005-ci ilədək Şimalı Makedoniya və Şərqi Timorda əməliyyatlar, satınalma və proqram sahələrində müxtəlif vəzifələrdə çalışıb. O, 2005-2007-ci illərdə İndoneziyada logistika məmuru, 2007-ci ildən 2017-ci ilədək Manila İnzibati Mərkəzində (Filippin) BMqT-nin qlobal tədarük və təchizat bölməsinin rəhbəri olub.

V.Qyorqyiev iqtisadiyyat elmləri üzrə magistr, iqtisadiyyat və mülki mühəndislik üzrə bakalavr dərəcəsinə sahibdir. Satınalma və Təchizat İnstitutundan ictimai satınalma üzrə beynəlxalq sertifikat əldə edib. O, ingilis, makedon və serb-xorvat dillərində sərbəst danışır.

AZƏRTAC

17:56