Beynəlxalq audit “Azəriqaz”da nə aşkarlayıb?

 

Necə olur ki, qaz çıxaran ölkənin əhalisi tam olaraq qazla təmin edilmir? Niyə gecə yatağa paltarlı girmək, yandırmağa odun tapmaq üçün əlinə balta götürüb meşələrin canına düşmək adiləşir? Bir beynəlxalq audit şirkəti bu suala belə cavab verir - qaz itir. “Ernest and Young” şirkəti “Azəriqaz”la bağlı audit rəyi açıqlayıb.

İqtisadi təhlilçi Natiq Cəfərli deyir ki, hesabatdakı qaz itkisi az qala Albaniyanın bütün qaz istehlakı qədərdir:  “’Azəriqaz’ itkilərin daha az göstərilməsində maraqlı olub həmişə, rəsmi açıqlamalarında da böyük itkilərin olmadığını deyirdi. İldə təqribən 100-140 milyon kubmetr qaz itkisinin olduğunu bildirirdi, bunun da texniki problemlərdən qaynaqlandığını söyləyirdi. Bu audit nəticəsində məlum oldu ki, təqribən 700 milyon kubmetrə qədər qaz itkiyə gedir”.

Natiq Cəfərli burda səbəb kimi iki ehtimalı önə çəkir - itki ya texniki səbəbdən baş verir, ya da istehlak edilən qazın hamısı rəsmiləşdirilmir.

Natiq Cəfərli deyir ki, itən qaz istehlak olunan qazın beş faizidir, dünyada isə texniki itkilər maksimum 1 faiz olur.

Bakıda, Balaxanı qəsəbəsində qaz borularının arasında yaşayan Validə Əliyeva deyir ki, qaz gəlməyəndə kimə müraciət edəcəyini bilmir: “Gedirik çöllükdə, harda tapdıq orada, odun yığırıq, nədir ki, evdə körpə uşaq var. Qalırıq belə. Kimə müraciət edəsən. Əsas da 5-ci gündən bazar gününə qədər. Olmur qaz. Çox vaxt olmur”.

Müraciət edilməli qurum – “Azəriqaz”a AzadlıqRadiosu da müraciət etdi, amma suallarımıza cavab verən olmadı.  “Azəriqaz” rəsmiləri modern.az saytına bildiriblər ki, qaz itkiləri əsasən Bakı, Sumqayıt və Abşeron ərazisində yaranır. İtkilərin səbəbi də budur ki, bu ərazilərdə qaz təchizatı sisteminin böyük hissəsi 1960-1980-ci illərdə qurulub.

 “Azəriqaz” iddia edir ki, qaz itkisi ilə bağlı korrupsiya ola bilməz. Açıqlamada deyilir:

“Rayon xidmət sahələrinin ərazilərində mütəmadi olaraq baxışlar keçirilir, monitorinqlər aparılır və aşkar edilmiş qeyri-qanuni faktlara qarşı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülür. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə də mütəmadi tədbirlər həyata keçirilir”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə deyir ki, qaz kəmərlərinin vaxtı keçibsə, indiyə qədər yeniləri çəkilməli idi. O, qaz itkisinin mümkün səbəblərini də sadalayır: “Qaz avadanlıqlarının yoxlanılmaması. Məsələn, mən bir yerə qonaq getmişdim, sayğacın altından sızırdı. Qaz avadanlıqlarının bir yerdən başqa yerə keçirilməsi, parniklərə qaz çəkilməsi, broyler fabriklərində işlənən qaz və s.”.

“Azəriqaz” əhaliyə necə xidmət edir? Vətəndaşlar qaz təchizatından razıdırlarmı? Bu sualı Bakıda qarşımıza çıxanlardan da soruşmuşuq, gəlin izləyək.

Azadliq.org

06:43