BERNAMA agentliyi Azərbaycan Respublikasının uğurlarından bəhs edən geniş məqalə yayıb

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Respublikasının uğurlarından bəhs edən geniş məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, bu yaxınlarda qeyd edilən Müstəqillik Gününə həsr olunan məqalənin müəllifi agentliyin diplomatik xəbərlər üzrə jurnalisti Rajamanikam Raviçandradır. Müəllif məqaləni Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudovla apardığı söhbət əsasında qələmə alıb.

Yazıda Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolundan bəhs edilir, ulu öndər Heydər Əliyevin müdrik siyasəti və həyata keçirdiyi hərtərəfli islahatlar, əsasını qoyduğu neft strategiyası nəticəsində Azərbaycanın dövlətçilik təməlinin iqtisadi əsaslarının möhkəmləndirildiyi, 2003-cü ildən sonra Azərbaycan Prezidenti İlham Əliyevin strateji zəkası nəticəsində ölkəmizin dinamik inkişaf yolunda uğurla irəlilədiyi və regionda lider dövlətə çevrildiyi qeyd edilib.

Müəllif 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edərək, azərbaycanlıların müsəlman türk dünyası tarixində ilk dəfə parlamentli respublika qurmağa nail olduqlarını, bu mütərəqqi respublikanın vətəndaş azadlığı və bərabərliyi prinsipləri əsasında inşa edildiyini, hətta bir sıra Qərb ölkələrindən əvvəl qadınlara seçki hüquqları verdiyini diqqətə çatdırıb.

Məqalədə səfir İ.Davudova istinadla düşmən tapdağındakı torpaqlarımızın 2020-ci ildə Vətən müharibəsi nəticəsində işğaldan azad olunduğu qeyd edilərək, bu gün Azərbaycanın regionda və beynəlxalq müstəvidə sülhə, təhlükəsizliyə, dövlətlərin ərazi bütövlüyünə və suveren hüquqlarına ən qətiyyətli və güclü dəstək verən ölkələrdən biri olduğu vurğulanıb.

Yazıda Azərbaycan-Malayziya münasibətlərinə də yer verilib. Qeyd edilib ki, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Malayziya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Azərbaycan və Malayziya arasında inkişaf edən çoxtərəfli əməkdaşlıq münasibətlərinə diqqət çəkilərək, ölkələrimizin ikitərəfli müstəvidə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı marağa və hörmətə əsaslanan səmərəli əlaqələrini davam etdirdiyi qeyd olunub. Buna misal kimi, iki ölkənin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq institutlarda yaxın əməkdaşlıq etdiyi nəzərə çatdırılıb.

Bu gün Azərbaycan və Malayziya arasında iqtisadi əməkdaşlıq sahəsində geniş potensialın mövcudluğuna diqqət yönəldilərək, bu istiqamətdə iki ölkənin sahibkarlarının daha fəal səylərinin önəmi vurğulanıb. Azərbaycanda aparılan böyükmiqyaslı bərpa və quruculuq işlərinə toxunularaq, malayziyalı şirkət və sahibkarlar üçün geniş investisiya imkanlarının olduğu qeyd edilib. Bununla yanaşı, qarşıdakı dövrdə iki ölkə arasında elm, incəsənət, təhsil və turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğu bildirilib.

 

Vüqar Ağayev

Xudaferin.eu

17:16