Benelüks Azərbaycanlıları Konqresi Edillidə aşkarlanmış kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Benilüks Azərbaycanlıları Konqresi (BAK) Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqla əlaqədar beynəlxalq, eləcə də Avropada fəaliyyət göstərən təşkilatlara və qurumlara bəyanat ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, BAK üzvləri bəyanatda Edillidə iki kütləvi məzarlığın aşkarlanmasından qəzəbləndiklərini bildirib, onu erməni silahlı qüvvələrinin müharibə cinayətinin ifşası olduğunu qeyd ediblər. Vurğulanıb ki, kütləvi məzarlıqda əlləri və ayaqları məftil və kəndirlə bağlanaraq basdırılmış 12 insan cəsədinin qalığı, eləcə də orada tapılan geyim və əşyalar azərbaycanlı hərbi əsirlərə çoxsaylı amansız işgəncə verildiyini sübut edir.

Bəyanatda, həmçinin aşkar edilmiş insan qalıqlarının Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və taleyi hələ də naməlum qalan azərbaycanlılara məxsus olduğu göstərilib. Ermənistan tərəfinin müharibə cinayətlərini beynəlxalq ictimaiyyətdən gizlətmək üçün itkin azərbaycanlıların taleyi və onların kütləvi dəfn olunduğu yerlə barədə məlumat vermədiyi qeyd edilib.

“Kütləvi məzarların aşkarlanması Ermənistan silahlı qüvvələrinin etnik nifrətdən qaynaqlanan müharibə cinayətlərini açıq şəkildə ifşa edir. Bu cinayətlər beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulduğunu əks etdirir.

Azərbaycanın mülki əhalisinə, hərbi qulluqçularına, xüsusilə də yaralılara və həlak olanlara qarşı işgəncə və qeyri-insani hərəkətlər Ermənistanın qeyri-insani davranışlarını, soyqırımı siyasətini nümayiş etdirir.

Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbçiləri tərəfindən baş və ürək nahiyələrinə yaxın məsafədən atəş açaraq azərbaycanlı əsirlərin vəhşicəsinə öldürülməsi, cəsədlərinin parçalanması faktları, çoxsaylı videoçarxların olması buna bariz nümunədir.

İnsanlığa sığmayan hərəkətlərlə işgəncə və alçaldılma faktlar insan cəsədlərin qalığı üzərində aydın görünür.

Təəssüflə bildiririk ki, Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə yanaşı, irqi, etnik, dini zəmində ifrat nifrət siyasəti yeritməklə, ölkəmizə qarşı hərbi cinayətlərin dayandırılması və keçmişdə törədilmiş cinayətlərə görə təqsirkarların məsuliyyətə cəlb edilməsi istiqamətində əməli addımlar atmaq əvəzinə, Ermənistan iki xalq arasında qarşıdurmalara səbəb olan təxribatlar törətməklə regionda təhlükəsizliyin bərqərar olmasına və sülh prosesinə mane olur.

Ermənistan silahli qüvvələri 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini minalayıb. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinə raket zərbələri endirib. Bu səbəbdən cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Goranboy və Tərtərdə 100-dən çox dinc sakin həlak olub.

Bununla belə, rəsmi Yerevan Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin imzaladığı üçtərəfli bəyanatlara və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə əldə olunmuş razılaşmalara zidd olaraq, hələ də mina xəritələrini Azərbaycana vermir.

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə qədər azərbaycanlının taleyi hələ də məlum deyil.

Dünya azərbaycanlıları qətiyyətlə bildirirlər ki, Ermənistanın gələcəkdə analoji cinayətlər törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət bu hərbi cinayətlərə adekvat reaksiya verməli və günahkarları məsuliyyətə cəlb etməlidir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistan humanitar sahədə antiazərbaycan müdaxilə siyasəti həyata keçirib.

Bu faktları bir daha BMT-nin, Avropa İttifaqının, Avropa Şurası və onların müxtəlif institutlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə çatdırırıq”,-deyə bəyanatda qeyd edilib.

BAK üzvləri Ermənistanın hərbi cinayətlərinin dayandırılmasını tələb edərək, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və bəşəriyyət əleyhinə cinayətlərə görə cinayətkarların məsuliyyətə cəlb olunması üçün təcili hüquqi tədbirlərin görülməsinə çağırıblar.

Şəhla Ağalarova

Xudaferin.eu

14:07