Əbədi düşüncə yolumuzun böyük yolçusu Küyülü Səid Nəccar

Çağdaş Güney Azərbaycan ədəbiyyatının ünlülərindən biri də Küyülü Səid Nəccardır. O, ədəbi yaradıcılığında istər şeirdə, istərsə də nəsrdə yeni düşüncə cərəyanının çox gözəl mənada təmsil edə bilən yazarlardan biridir. Küyülü Səid Nəccarın əsərləri hansı janrda yazılmasından asılı olmayaraq, olduqca möhtəşəmdir. Bunun da başlıca dərin anlamı böyük ustadımız Bulud Qaraçorlu Səhəndin ruhunun sanki yenidən dirlib bu günlərimizə gəlişini xatırladır. Elə bil ki, Güney Azərbaycan ədəbiyyatının ünlülərinin yolu bitməmiş, daha da möhtəşəm zirvələrə doğru addımlayır. Bu yolun Əlirza Nabidil Oxtay, Mərziyə Üskülü Dalğa, Səməd Nehrəngi, Həmid Nitqi Aytən, Haşım Tərlan və başqa ünlü aydınlarımızın davamçısı kimidir Küyülü Səid Nəccarın yaradıcılığı. Şeirləri o qədər ruhsaldır ki, onların sehrində zamanın ulusal qavramlarına işıq salır onlar. Onun əsərlərinin dili isə, çağdaş Güney Azərbaycan ədəbi prosesi üçün çox önəmlidir. Ana dilində yazmaqla yanaşı, Azərbaycan və Anadolu Türkcələrinin ortamında bir bütün olan bu əsərlər gerçəkdən yeni düşüncənin ulusal enerjisinin böyük bir axarına çevirlib. 
   

"Yerə səpələnmiş xəzəllər,
Çılpaq ağaclar,
Divar üstündə yeriyən qara pişik,
Ağacda qarıldayan ala qarğa,
Əlində papiros, uzaqlaşarkən
Hərdən qanrılıb geriyə baxan qara paltolu kişi..."
Bir filmin son seansı oynana bilərdi bugün
Bizim xiyabanda!

*****
Payız yağışı,
Heyva bağı,
İslanan xəzəllər,
Ayaq izləri,
Yumşaq xışıltı,
Balaban səsi.
Bir şair doğula bilər bu axşam!

*****

Mən səni necə tapım
Bu buludluğun arasında?!
Nə bir adres,
Nə bir soraq.
Bu yad şəhərdə
Buludlar da aldadır adamı!

*****
Səni ağ-qara görürəm yuxularımda,
Paltarın qaramı, bozmu, qırmızımı, sapsarımı,
Seçə bilmirəm.
Olsun,
Mən beləsini sevirəm.
Boyanmamış əski günlərdə görüşürük,
Heç ayrılmamışıq sanıram!

*****

Dünən gecə yuxuma gəlmişdin,
Gələ-gələ gülürdün.
Silib-süpürüb
Topladı bütün sənli, sınıq xatirələri
O parkın şahmatlı masasına
Qara donuvun ətəyi.
Şahmat oynadıq,
Mən uduzdum.
Sonra yel əsdi,
Yelləndi, diksindi donun.
Yenə dağıldı xatirələr.
Yuxuma gəlməmişdin ki!
Sadəcə yuxumdan sovuşurmuşsan!

*****

Qargülləsi oynayardıq,
Qardan adam düzəldərdik,
Qarda hellənərdik,
Sən olsaydın,
Qar yağsaydı...
Nə sən varsan,
Nə də qar yağır.
Tək məndən nə çıxar ki?!

*****

Saçlarım yaman ağarıb,
Bəlkə sənsizlikdən,
Bəlkə də qar altında yeriməkdən,
Bəlkə sənsizlikdən qar altında yeriməkdən.
Bəlkə də suç məndə;
Nə sənsiz qalaydım,
Nə də qar altında yeriyəydim!

*****

Güllədən
Taraqqq…
Vuruldum,
Vuruldum sənə,
Bilmədin.
Yellərdə səsim:
“Sarı Gəlin, aman…”
Eşidəcəksən bir gün!

 

 

Əlifbamızı Öyrənək

(uşaqlar üçün)

A, a, "Alma"lar,
Çantamızda "Alma" var!
B, b, "Balıq"lar,
"Balıq" dənizdə oynar!
C, c, "Cücə"lər,
"Cücə" cik-cik-cik deyər!
Ç, ç, "Çiyələk",
Bir az "Çiyələk" yeyək!
D, d, "Daraq"lar,
"Daraq" saçları darar!
E, e, "Ev"imiz,
"Ev"də dincəlirik biz!
Ə, ə, "Əlcək"lər,
Qışda əl "Əlcək" istər!
F, f, "Fırfıra",
"Fırfıra" al, gəl bura!
G, g, "Göbələk",
Gedək "Göbələk" dərək!
Ğ, ğ, "Qurbağa",
"Qurbağa" girdi bağa!
H, h, "Heyva"lar,
"Heyva" yeməli olar!
X, x, "Xoruz"lar,
"Xoruz" banlar, səs salar!
I, ı, "Ildırım",
"Ildırım" şırım-şırım!
İ, i, "İlan"lar,
Ay, burda bir "İlan" var!
J, j, "Əjdaha",
"Əjdaha"yam, ha, ha, ha!
K, k, "Kəpənək",
"Kəpənək" bənək-bənək!
Q, q, "Qarpız"lar,
Qırmızı "Qarpız" apar!
L, l, "Leylək"lər,
"Leylək" dim-dim dimdiklər!
M, m, "Maral" gəl,
"Maral"ın gözü gözəl!
N, n, "Nar" da de,
"Nar"ı kəs, gilələ ye!
O, o, "Oraq"lar,
Biçinçi "Oraq" saxlar!
Ö, ö, "Ördək"lər,
"Ördək" üzməyi bilər!
P, p, "Pəncərə",
"Pəncərə"dən bax çölə!
R, r, "Qarğa" var,
"Qarğa" qar-qar qarıldar!
S, s, "Süpürgə",
"Süpürgə" saçı kilkə!
Ş, ş, "Şalvar"ım,
"Şalvar"a qayış salım!
T, t, "Tar" alım,
"Tar"ı dınq-dınq-dınq çalım!
U, u, "Uçaq"da,
"Uçaq" göydə, uzaqda!
Ü, ü, "Üzüm" dər,
"Üzüm"dən bizə göndər.
V, v, "Vərdənə",
"Vərdənə" çörəkçidə!
Y, y, "Yarpaq"lar,
Ağacda "Yarpaq" olar!
Z, z, "Zınqırov",
"Zınqırov"ludur buzov!

 

Urmu Gölüm

Orada bir göl varmış, bir mən bir də sən,
İndi nə göl qalmış, nə sən nə də mən.
Görüş yerimizi alıb duzdan çən,
Hərdən bir damla yaş axır gözündən.

Durnalar uçardı, biz də süzərdik,
Qırmızı qayıqla gölü gəzərdik,
Dalğalar içində hərdən üzərdik,
Adımızı duzlu quma cızardıq.

Haradan gəldi, bilməm, belə ayrılıq,
Hara getdi o göl, de biz hardayıq?!
Duzların içində sınıq bir qayıq,
Gölsüz, sənsiz, mənsiz qalıb o yazıq.

Silindi gözəl gölümüzün izi,
Artıq, tanımırıq birbirimizi!!!

 

Günlərin Bir Günündə

Günlərin bir günündə
Biri varmış biri yox,
Günlərin bir günündə
Bir acmış bir tox.

Günlərin bir günündə
Unudulan mən oldum.
Bir zaman ayrıcında
İki yerə ayrıldım.

Günlərin bir günündə
Öldürdü sandı məni.
Mən durmuşdum baxırdım,
Ancaq o dandı məni.

Günlərin bir günündə
O gün yoldan gələcək,
Yoldan geçən bir ozan
Məni orada görəcək.

Günlərin bir günündə
Ölümsüzləşəcəyəm,
Bir mahnıda gizlənib
Dillərə düşəcəyəm.

Günlərin bir günündə,
Günlərin bir günündə,
Günlərin bir günündə,
Günlərin bir günündə...

 

Acam, susuzam

“Nan” yeyəli,
“Ab” içəli
Çiban çıxıb dilimə.
Nə “çörək” yeyə bilirəm,
Nə “su” içə bilirəm...

 

Səndən çayıma

Gecələr səni qatıb çayıma
İçirəm.
Yarı-yarıya.
Acı-şirin olur çayım.
Gəlirsən,
Şirin olur.
Gedirsən,
Çalır acıya!
Bəyən
Bəyən
Möhtəşəm
Hahaha...
İnanılmaz
Üzgün
Qızğın...

 

Kefli

Bu gecə çox kefliyəm:
Hansı çaxırdan içdiyimi də bilmirəm,
Bəlkə də heç çaxır içməmişəm,
Yeddi il öncə yazdığın o məktubu oxumuşam!

 

İşləyirəm...

Saçlarımı yüz əlli dolara satdım,
Artıq, keçələm.
Allah üzümə baxdı:
Bir az daha çox pul verən olsaydı,
Başsız qalacaqdım!

13:16