Banklardan əmanətçilərə şok təklif

 

Əkrəm Həsənov: “Sahibkara və şirkətlərə deyəcəklər ki, vəsaitinizin hansısa hissəsindən vaz keçin, yerdə qalanını ödəyək”

“Moodys” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın 4 bankının reytinqini aşağı salıb. Reytinqi aşağı salınan banklar "Xalq Bank", "Bank Respublika", "VTB Bank" və "Bank of Baku"dur. Məlumatda deyilir ki, "Xalq Bank"ın kredit reytinqi B3-dən aşağı salınıb. Bankın uzunmüddətli depozit reytinqi isə B2-dən daha aşağı, B3-ə (yüksək kredit riski) endirilib. "Bank Respublika"nın həm kredit reytinqi, həm də uzunmüddətli depozit reytinqi B2-dən B3-ə endirilib. “Bank of Baku”nun kredit reytinqləri də endirilib. "VTB Bank"ın kredit reytinqi caa1-dən caa3-ə (çox yüksək kredit riski), uzunmüddətli depozit reytinqi isə B2-dən daha aşağı, B3-ə endirilib. Hazırda Azərbaycanda 32 bank var. Onlardan biri Azərbaycan Beynəlxalq Bankı xarici öhdəlikləri yerinə yetirməkdən imtina edib. Daha 4 bank problemlərə görə, nəzarətə götürülüb. Ötən il isə ölkədə 11 bank bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib. "Moodys" və "Fitch Ratings" reytinq agentlikləri 2017-ci il mayın 15-də xarici kreditorlara borcu ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankının reytinqini azaldıb. "Fitch Ratings" bankın reytinqini "SSS" səviyyəsində elan edib. "Moody’s" isə banka "Caa3" reytinqini verib. Bu artıq, iflasa yaxınlaşmaq anlamına gəlir.

Maraqlıdır, adıçəkilən bankları nə gözləyir?

Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov qəzetinə bildirib ki, nəinki adları çəkilən 4 bank, ümumən Azərbaycandakı bankların çoxunun vəziyyəti pisdir: “Bəzi bankların beynəlxalq reytinqi ümumiyyətlə, yoxdur. Vəziyyətin pisliyi o deməkdir ki, problemli kreditlərin həcmi çoxdur və öhdəliklərini icra etməkdə çətinlik çəkirlər. Artıq əmanətləri və vəsaitləri qaytara bilməmək təhlükəsi böyüyür. Reytinq agentlikləri demək istəyir ki, əmanətçilər bu banklarla ehtiyatlı olsunlar. Ola bilər əmanətçinin yatırdığı vəsait orada batıb. Əlbəttə, yerli şəraiti nəzərə alaraq bilirik ki, burada əsas təhlükə adi vətəndaşlar üçün deyil. Çünki vətəndaşların əmanətləri onsuz da bir qayda olaraq sığorta olunub. Amma şirkətlərin və fərdi sahibkarların həmin banklardakı vəsaiti ciddi təhlükədədir. Düşünmürəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası adları çəkilən 4 bankı və yaxud il ərzində hansısa başqa bankların rəsmi müflisliyinə imkan versin.

Daha çox gözləyirəm ki, Palata Beynəlxalq Bankda etdiyi kimi bu 4 bankı və digər bankları da vəziyyətdən çıxartmaq üçün başqa yolu tutacaq. Yəni, necə ki, ABB-da etdilər, eləcə də digər banklarda öhdəliklərin restrukturizasiyasını elan edəcəklər. Orada pulu olan sahibkarla və şirkətlərə deyəcəklər ki, vəsaitinizin hansısa hissəsindən vaz keçin, yerdə qalanını ödəyək. Hazırda bu təklifi ABB-nin xarici kreditorlarına da edilir. Tutaq ki, “Xalq Bank”da hansısa bir şirkətin 5 milyon pulu var. Həmin şirkətə deyəcəklər ki, vəsaitin 3 milyonundan vaz keç, qalan 2 milyonunu sənə bağışlayırıq. Sahibkarların pulları hesabına bu bankları xilas edə bilərlər. Təki ad olsun ki, banklar bağlanmadı. Amma orada sahibkarların pulları batır”.
Hüquqşünasın qənaətincə, reytinqi aşağı salınan banklar bağlanmalıdır: “Bankların bu vəziyyətə gəlib düşməsinin səbəbləri bəllidir. Onlar böyük həcmdə kredit paylayıb. “Bank of Baku” və “Bank Respublika”da korrupsiya aşağı səviyyədədir, amma “Bank VTB” və “Xalq Bank”da vəziyyət pisdir. Bu bankların idarəetməsində ciddi problemlər var. Hətta “Bank VTB” açıq-aşkar deyirdi ki, onun bankında korrupsiya və oğurluq halları var. Təbii ki, bu cür vəziyyətdə idarə olunan banklar axırda gəlib bu günə düşməliydi”.

Yeganə Oqtayqızı
Cebhe.info

09:15