Bakıda və Moskvada Fərhad Bədəlbəylinin 70 illik yubileyi qeyd ediləcək

 

Dekabrın 27-də görkəmli pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 yaşı tamam olur.

Bu münasibətlə noyabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında pianoçunun yubiley gecəsi keçiriləcək. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Fuad İbrahimov, solistlər – Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə) çıxış edəcək.

Digər tədbir isə dekabrın 13-də Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və “Roskonsert” birliyinin dəstəyi ilə Moskvada P.Çaykovski adına Konsert Zalında baş tutacaq. Tədbirdə Fərhad Bədəlbəyli ilə birgə tələbələri, pianoçu, xalq artisti Murad Adıgözəlzadə, tanınmış Azərbaycan dirijorları - xalq artisti Yalçın Adıgözəlov, əməkdar artistlər Əyyub Quliyev və Fuad İbrahimov maraqlı konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında Fərhad Bədəlbəylinin layiqli yeri var. O, müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdəndir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı çıxışları Fərhad Bədəlbəylini geniş dinləyici kütləsinə tanıdıb sevdirə bilib. Görkəmli sənətkarlarımızın fortepiano ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Fərhad Bədəlbəyli, eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirib.

Xudaferin.eu

"Bakı Bürosu"

 

09:37