Bakıda sakinlər yolu bağladı

Xətai rayonu, Gəncə prospekti 20 A-da yaşayan məcburi köçkünlər etiraz aksiyası keçirərək, məskunlaşdıqları binanın qəzalı vəziyyətdə olduğunu bildiriblər və problemin həllini tələb ediblər. Məsələyə Xətai rayon İcra Hakimiyyəti münasibət bildirib. İcra başçısının müavini Zaməddin Əkbərov açıqlamasında etirazda təxminən 60-70 nəfər sakinin iştirak etdiyini bildirib: “Etirazçılar yolu bağlamağa cəhd ediblər. Biz dərhal hadisə yerində olduq, onlarla söhbət etdik, lazımı izahatı verdik. Bildirmək istəyirəm ki,  1994-cü ildə binanın tikintisini aparan şirkət özbaşına olaraq texnikasını yığışdıraraq ordan çıxıb və binanın tikintisini saxlayıb. Bununla da tikinti yarımçıq qalıb. O vaxt bina qəzalı vəziyyətə düşüb. Aidiyyatı orqanların qərarı ilə binanın sökülməsi qərarlaşdırılıb - 7 mərtəbə sökülüb, 9 mərtəbə isə saxlanılıb”.

Zaməddin Əkbərov qeyd edib ki, mütamadi olaraq bu binayla bağlı tədbirlər görülür: “Bina doğrudan da qəzalıdır. Biz hər il olduğu kimi, cari ildə də 4 dəfə aidiyyatı orqanlara, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Maliyyə Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə müraciətlər etmişik. Nazirlər Kabinetinin tapşırığı ilə “Qaçqınkom”un işçi qrupu komissiya şəklində binada yaşayanların uçotunu aparıb. Qeydiyyat keçirilib, onların hansı rayondan olmaqları dəqiqləşdirilib”.
İcra başçısının müavini əlavə edib ki, hazırda bu məsələylə bağlı müzakirələr gedir: “Hər halda, bununla bağlı qərar qəbul ediləcək. Amma sakinlər problemin tezliklə həllini tələb edirlər. Vətəndaşlara da izah etdik ki, məsələ tam olaraq bizim səlahiyyətimizdə deyil, biz yenə də öz növbəmizdə sabahdan etibarən müvafiq qurumlara müraciətlər edəcəyik”.
Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyəti məcburi köçkünlərlə bağlı həqiqətləri mümkün qədər saxtalaşdırma siyasətini aparır. Belə ki, 1994-cü ildə Azərbaycanda uca mərtəbəli binaların inşaatı ilə məşğul olan özəl şirkətlər olmamışdır. Keçmiş Sovetlər Birliyi dönəmində qalma tikinti idarələri maliyyə imkanlarının olmaması ucbatından tam bağlanılmışdır. Belə bir dönəmdə tikintisi yarımçıq qalmış uca mərtəbəli binalarda məcburi köçkünlər məskunlaşmışlar. Ancaq, indiyə kimi həmin binalarla bağlı yerli icra strukturları heç bir əməli iş görməmişlər. Buna görə də qəmin qəzalı binalarla bağlı bürokratik mənada ötür-ötür oyunları oynanılmaqdadır. Bütün bunlardan isə ən çox əzab çəkənlər də məcburi köçkünlərdirlər. Onlar problemlərin həll edilməməsinə görə daim etiraz aksiyaları keçirmək zorundadırlar.

Xudaferin.eu

 

 

10:06