Bakıda bağçada görünməmiş qanunsuzluq

 

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı
 

Bir qrup valideyn Bakı şəhəri, Yasamal rayonunda yerləşən 60 saylı uşaq bağçasından şikayətçidir. Movqe.az saytına müraciət edən iyirmiyədək valideyn bağçada qanunsuz olaraq pul yığıldığını, müəyyən edilmiş məbləği ödəməkdən imtina edənlərin övladlarına qarşı ayrıseçkiliyin qoyulduğunu söyləyirlər. Movqe.az valideynlərin 60 saylı uşaq bağçasından şikayət məktubunu olduğu kimi oxuculara təqdim edir: “Sizə müraciət etməyimizin əsas səbəbi 60 saylı uşaq bağçasında baş verən özbaşınalıqlar, qanunsuz pul yığma ilə bağlıdır. Bağçaya Məsmə Quliyeva müdir təyin olunandan sonra övladlarımızın istər tərbiyəsi, təhsili, istər də yeməklə təmin olunması acınacaqlı hala gəlmişdi. Hər uşaq üçün aylıq 50-60 manat qeyri-qanuni pul istənilir. Biz dövlət bağçasında tərbiyə alan uşaq üçün niyə hər ay pul verməliyik? Məsmə Quliyeva bu özbaşınalığına qarşı çıxan valideynlərin övladlarına qarşı ayrıseçkiliyə, aqressiyaya, diskrimnasiyaya başlayıb. Bu ayrıseçkilik də pulu 50-60 manatdan aşağı verən valideynlərin övladlarını ingilis dili və rəqs dərslərinə buraxmamaqdan başladı. M. Quliyeva hər dərsin qiymətinin 15 manat olduğunu valideynlərə elan etdi. Daha sonra bağçada rus bölməsi qrupu yaratdı. Uşağını həmin qrupa qoymaq istəyən valideynlərin 80 manat ödəməli olduğunu söylədi. Biz niyə valideynlərdən bu qədər pul tələb olunduğunu soruşduqda, Məsmə xanım belə əsaslandırdı ki, hökumətin bağçaya ayırdığı ərazaqlar çatmır, öz cibindən ərzaq almaq məcburiyyətində qalır. 30. 10. 2017-ci il tarixində isə pul verən uşaqlar üçün bir, həmin məbləği ödəməyən uşaqlar üçün isə ayrı qrup yaratdı. Biz valideynlər buna görə çox narahatıq. Əslində bağçada qruplar uşaqların yaşlarına uyğun olaraq ayrılır. M. Quliyevanın yaratdığı qruplarda isə hər yaşdan uşaqlar var. Onlar müxtəlif yaşda olsalar da, bir qrupda tərbiyə alırlar. Onun bağçada aylıq qoyduğu məbləği ödəyən valideynlərin uşaqları üçün ayrıca VİP qrup yaratması körpə psixologiyasına travma yetirməklə yanaşı, yeni formalaşmaqda olan şəxsiyyətlərin də yetişməsinə mane olur.

Məsmə Quliyeva bu uşaq bağçasına müdir təyin olunandan sonra biz valideynlər onunla mübarizə aparmağa, qanunsuzluqları aradan qaldırmağa cəhd etmişik. Hətta gənc olduğunu, bu bağçanın onun ilk iş yeri olduğunu nəzərə alıb onunla mülayim davranmışıq. Amma o, nəinki bizi dinləyir, hətta valideynlərlə normal ünsiyyət belə qura bilmir. Arxasında da adamının olduğunu iddia edərək, “Burada mənəm, Bağdadda kor Xəlifə” məsəli davranır. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin belə ona heç nə edə bilməyəcəyini söyləyir. Biz isə öz dövlət başçımıza arxalanırıq. Bağça müdirinin bu davranışı və idarəçilik tərzi ölkə prezidenti cənab İlham Əliyevin əsasını qoyduğu bərabərlik və tolerantlıq siyasətinə ziddir. Sizdən çox xahiş edirik ki, 60 saylı bağçada baş verən bu qanunsuzluqları ətraflı araşdırasınız”.

Valideynlərdən biri, Adilə Əlihüseynli deyir ki, Məsmə Quliyevanın vəzifəsindən sui-istifadə etdiyi barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusova da şikayət ediblər: “Biz Eldar Yunusovun qəbulunda olaraq 60 saylı uşaq bağçasında baş verənləri ona ətraflı danışdıq. Eldar müəllim özü də 20-dək valideynin M. Quliyevaya qarşı heç bir qərəzi olmadığını, tələblərin ancaq qanunsuzluğun aradan qaldırılması ilə bağlı olduğunu anladı. Bizə bildirdi ki, uşaq bağçaları dövlətdən maliyyələşdiyi üçün heç bir dövlətin balansında olan uşaq bağçasında valideynlərdən ərzaq, yaxud da başqa adla pul tələb edilə bilməz.

Bizi nəzakətlə dinləyən Eldar müəllim də bu qanunsuzluğun araşdırılacağını söylədi. Hələki bağçada vəziyyət eynidir. M. Quliyevaya tələb etdiyi pulu ödəməyən valideynlərin uşaqları başqa qruplara ayrılıb. Mənim bir qızım 5 yaşı olduğundan, yuxarı qrupda tərbiyə alır. Onu körpə yaşda olanların qrupuna salıblar. M. Quliyevanın bağçada VİP qrup yaratması bizə çox pis təsir edir. Bağçada indi "Kasıblar qrupu" və VİP qrup var. Eyni bağçada uşaqlara fərqli münasibət qanunsuzluqdur. Rüşvət vermədiyimiz üçün bizi uşaqlarımızla belə cəzalandırmaq heç bir qanuna sığmır”.

Movqe.az saytı valideynlərin ittihamlarını araşdırmaq üçün 60 saylı uşaq bağçasının müdiri Məsmə Quliyeva ilə əlaqə saxlayıb. M. Quliyeva kəskin şəkildə Movqe.az-ın əməkdaşına jurnalistlərə ona qarşı səslənən ittihamlarla bağlı heç bir açıqlama verməyəcəyini söyləyib. Bildirib ki, o jurnalistlərlə danışmır, valideynlərin ittihamlarında nə dərəcə haqlı olub-olmadıqlarına isə Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi aydınlıq gətirəcək. Movqe.az saytı Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ilə əlaqə saxlayıb. Qurumun rəhbəri Eldar Yunusovla danışmaq mümkün olmasa da, idarənin əməkdaşları bildirdilər ki, 60 saylı bağçadan valideynlərin şikayətini müvafiq komissiya araşdıracaq. İdarədən qeyd ediblər ki, araşdırmadan sonra valideynlərin məktubuna da cavab veriləcək.

Cebhe.info

 

09:46