Bakıda Azərbaycan-Rusiya konfransı keçirilib

Bakıda “Ortaq gələcəyin qurulması, ortaq keçmişin axtarışı və ortaq bu günün inkişafı” adlı illik konfrans keçirilib. Tədbir “AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu (Azərbaycan) və Siyasi Tədqiqatlar İnstitutu (Rusiya) tərəfindən təşkil edilib.

Konfransın aparıcıları Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Rusiya Parlamentlərarası Dostluq Qrupunun həmsədri Əli Hüseynli və Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda Azərbaycan ilə Rusiya arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq, keçmişdə törədilmiş cinayətlərin unudulmasının, nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinin və faşizmə qarşı mübarizədə sovet xalqının rolunun azaldılmasının yolverilməzliyi məsələləri, habelə müasir dünyada əsas geosiyasi çağırışlar müzakirə edilib.

Konfransın işində Rusiya Federasiyası Federasiya Şurasının üzvləri və Federal Məclisin Dövlət Dumasının deputatları, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, rusiyalı və azərbaycanlı ictimai xadimlər və ekspertlər iştirak ediblər.

“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəsi Valentin Denisov agentliyin rəhbəri Eleonora Mitrofanovanın konfrans iştirakçılarına təbrikini oxuyub.

AZƏRTAC

21:11