Bakıda avtomobillərin qiyməti bahalaşıb

2018-ci ilin noyabr ayında Bakının avtomobil bazarında orta qiymət 42,152 min manat təşkil edib.

Xudaferin.eu “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov açıqlama verib.

Onun sözlərinə görə, əvvəlki ayla müqayisədə avtomobil bazarında orta qiymət 12,22 faiz bahalaşıb. Ekspert qeyd edib ki, bu ilin noyabr ayında cəmi 1,729 min avtomobil satışa çıxarılıb.

“Oktyabr ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli 2,26 faiz azalıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi, yəni 87,39 faizi benzin mühərrikli avtomobillər olub. Dizel mühərrikli avtomobillər portfelin 12,61 faizini təşkil edib. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 75,77 faiz, mexaniki sürət qutusu olan avtomobillərin payı isə 24,23 faiz təşkil edib”, - N.İbrahimov bildirib.

Onun sözlərinə görə, noyabr ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi təxminən 150,39 min kilometr (azalma 13,61 faiz) təşkil edib. Avtomobillərin orta yaşı 11,61 il olub ki, bu da cari ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 0,05 faiz çoxdur.

Ekspert əlavə edib ki, bazarda təklif olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 7,48 faiz təşkil edib.

“Eyni zamanda, yaşı beş ilədək olan avtomobillərdə bu göstərici 8,95 faiz, beş ildən 10 ilədək olan avtomobillərdə 8,39 faiz, 10 ildən 15 ilədək olan avtomobillərdə 7,29 faiz, 15 ildən 20 ilədək olan avtomobillərdə 4,01 faiz, 20 ildən 25 ilədək olan avtomobillərdə isə 3,69 faiz təşkil edib”, - N.İbrahimov bildirib.

Xudaferin.eu

16:00