“Bahar çayı” Novruz konserti

 

Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi Qadınlar Qolu keçən ildən başqa hər il Novruzla əlaqədar “Bahar çayı” konsert proqramı təşkil edir. Bu konsert proqramında Dərnəyin profesional rəqs qrupunun ifasında Azərbaycan və Türkiyə rəqsləri oynanılır, eyni zamanda, mahnılar səsləndirilir.

 

“Bahar çayı” Novruz konsert proqramına gələn qonaqlar da bu tədbirdə əl qaldırıb rəqslərə qoşulur, mahnı oxuyur, hər biri öz istedadını göstərmək fürsəti qazanır. Bu il mart ayının 26-sında Ankarada olacaq Novruz konserti günorta saat 13.30-da başlayıb 17.00-a qədər davam edəcək.

Qeyd edək ki, dəvətnamə ödənişlidir, qiyməti 70 liradır. Konsertdə gəlib Ankarada yaşayan Azərbaycanlılarla bir arada olmaq, yeni tanışlıqlar qazanmaq və Novruz əyləncəsini birlikdə keçirmək istəyənlər dəvətnamələri ən gec 23 mart 2017 tarixinə qədər saat 10:30 -16:00 arasında Azərbaycan Mədəniyyət Dərnəyi Mərkəzindən əldə edə bilər. Dərnəyin ünvanı: Ankara, 15 Temmuz Kızılay meydanı, Bayındır 2 küçəsi, 37/6. Əlaqə telefonu: 00 90 5336487084

Xatırladaq ki, 1949-cu ildə Türkiyənin Ankara şəhərində qurulan və 70 ilə yaxındır fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım sayılır. Bu təşkilat Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə tərəfindən təsis edilib. Dərnəyin ilk sədri Həmid Atanan olub. 1952-ci ildə dərnək “Azərbaycan” adlı jurnal nəşrinə başlayıb, istiqlaliyyət ideyalarını təbliğ edib. Bununla yanaşı, Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini təbliğ edən bir sıra kitablar buraxıb. Dərnəyin fəaliyyətinə zamanla H.Atanandan sonra R.Unsal, Kərim Odal, Əhməd Yasaf, Cəmil Odeli, İsgəndər Ağuzum, Məhəmməd Kəngərli və Camal Unsal rəhbərlik etmişlər. Hal-hazırda Azərbaycan Kültür Dərnəyinin sədri C.Unaldır.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

06:43