“Azərxalça” bölgələrdə tədris-hazırlıq kurslarını davam etdirir

“Azərxalça” ASC-nin İdarə Heyətinin Sədri Vidadi Muradov Tovuz, Qazax və Ağstafa rayonlarında təşkil olunan tədris-hazırlıq kurslarının toxucuları ilə görüşlər keçirib. Qurumdan bildirilib ki, görüşdə sözügedən rayonlarda xalçaçılığın müasir vəziyyəti, problemləri, onların aradan qaldırılması yolları, həmçinin bu sənətin daha kütləvi şəkildə davam etdirilməsi imkanları müzakirə olunub. İndiyədək Tovuz rayonundan 90, Qazax rayonundan 118, Ağstafa rayonundan isə 141 toxucu tədris-hazırlıq kurslarına cəlb edilib. Onları arasında peşəkar xalça ustaları ilə yanaşı, bu sənətə yeni başlayan gənclərin də sayı kifayət qədərdir. Hanalarla, müvafiq alətlərlə, həmçinin xammalla təchiz olunan dərnəklərdə xalçaçılığı öyrənmək üçün hər cür şərait yaradılıb. Kurslarda xalçaçılığa dair əyani materiallar, dərslik və ədəbiyyatlardan istifadə edilir.

Qeyd edək ki, ölkə prezidentinin sərəncamı ilə yaradılmış “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricində satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. “Azərxalça”nın respublikanın ayrı-ayrı rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir.

Xudaferin.eu

11:21