“Azərinşaat” yenidən etirazlara səbəb oldu – Nazirlik qarşısında aksiya

Dünən səhər saatlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına toplaşan əməkdaşları əmək haqqlarını ala bilmələri üçün kömək istəyiblər. “Azərinşaatservis” MMC-nin 40-a yaxın əməkdaşı nazirliyin qarşısına toplaşıb. İşçilər bildiriblər ki, dəfələrlə müxtəlif qurumlara getsələr də, amma heç bir nəticə əldə edilməyib. Son olaraq isə bura gəliblər. “Azərinşaatservis”in keçmiş işçisi Kərimov Firudin bildiririb ki, bura toplaşanlar rayonlardan gəliblər: “Pulunu ala bilmiyənlərin çoxu gələ bilməyib. Şirkətin minlərlə fəhləsi var. Yüzlərlə fəhlə pulunu ala bilmir. Şirkətin özünə dəfələrlə müraciət etmişik. Amma cavabsız qalıb”.

Şirkətin hazırda işçisi olan Sahilov Əsəd də maaş ala bilməyənlərdəndir. Onun sözlərinə görə, 2015-ci il oktyabrın 2-dən onu öz hesabına məzuniyyətə buraxıblar: “Nə maaş vermirlər, nə də işə çağırmırlar. Hazırda adım şirkətdə sürücü kimi gedir. İşdən çıxarılmamışam. Maşınımı alıb qaraja qoyublar. Mənə deyirlər sənin müqavilən müddətsiz olduğu üçün işdən çıxara bilmirik. Özün ərizə yaz çıx”.
Şirkətin daha bir işçisi Rusif Quliyev də qeyd edib ki, bura toplaşanlar şirkətdən xeyli miqdarda pul almalıdırlar: “Xaçmazdan bura 6 nəfər gəlib. Təkcə onlar şirkətdən 7500 manat pul almalıdır. Onların 2015-ci ilin oktyabr, noyabr ayları üçün maaşları da qalıb. Axrıncı dəfə 2015-ci ilin may ayından qalan maaşları noyabrda ödədilər. Ondan sonra maaş vermədilər. Bunların özünəməxsus ödəmə prinsipləri var. Maaşları vaxtlı-vaxtında deyil, 2-3 aydan bir, gecikdirərək verirdilər. Axrıncı maaşı da çox adam ala bilmədi. Çünki onlar şirkətdən xeyli miqdarada pul almalıdır. Keçən aksiyada biz şirkət rəhbərliyinə sual verdik ki, necə olur cari aylar ödənir, ancaq əvvəlki aylar qalır? Sualımız cavabsız qaldı. Arada qalan ayların pulunu verməkdən imtina edirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qabağına yığışaraq pulumuzun alınmasında yardımçı olmaqlarını istəyirik. İşçilərin işdən çıxarılması ilə yanaşı ödənişlər də qanuna zidd aparılır. 2015-ci ilin noyabr-dekabr ayından olan maaşlar qalır, 2016-ci ilin noyabrında maaş verirlər. Bu na necə olur ki, köhnə maaşlar qaldığı halda yeni maaş verilir? Bunu bizə əsaslandırsınlar”.
İşçilər bildirib ki, şirkətin Masallıda, Ağdaşda, Xaçmazda, Lənkəranda və digər yerlərdə layihələri vardı: “Bu layihələrə milyonlarla vəsait ayrılıb. Layihədə çalışan fəhlələrdən heç kim pulunu ala bilmir. Hazırda rayonda olan fəhlələrin çoxu gələ bilməyib. Burda hər layihədə işləyən 5-6 fəhlə var. Bir həftə şirkətin önünə toplaşdıq. Deyirlər ki, maliyyə əməliyyatlarına nazirlik baxır. Maaşlar da siyahı da təsdiqlənərək maliyyə nazirliyinə göndərilib. Biz də nazirliyə gəldik. Ancaq burdan da mənfi cavab aldıq. Bildirdilər ki, məslə ilə bağlı məlumatları yoxdur. Keçən həftə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gəldik. Nazirliyin Qoşqar adlı əməkdaşı bizi qəbul etdi. Bu gün də qəbul etdilər. Bildirdilər ki, məsələ ilə bağlı araşdırmalar aparılır. Bir həftəyə cavab veriləcək”.

Qaynarinfo.az

12:55