Azərbaycannın və Koreyanın XİN başçıları arasında məktub mübadiləsi həyata keçirilib

Martın 23-də Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Koreya Respublikasının xarici işlər naziri Chung Eui-yong arasında məktub mübadiləsi həyata keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının müstəqillik illərimizdə uğurla inkişaf edən ikitərəfli əlaqələrin əsasının qoyulmasına şərait yaratdığını bildirib. Hazırda iki ölkə arasında siyasi, iqtisadi, mədəni, habelə humanitar sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edən nazir, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığın mövcud olduğunu deyib. Ceyhun Bayramov, bir çox Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən infrastruktur və tikinti layihələrində iştirak etdiyini diqqətə çatdırıb. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra bir sıra Koreya şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpa və quruculuq prosesində iştirak üçün dəvət edilməsinin ölkələrimiz arasında qarşılıqlı etimad və anlaşmanın təzahürü olduğunu diqqətə çatdırıb.
Nazir Chung Eui-yong öz növbəsində son 30 ildə ölkələrimiz arasında qarşılıqlı anlaşma və dərin hörmət prinsipləri əsasında qurulmuş ikitərəfli münasibətlərin siyasi, iqtisadi və mədəni və bütün digər sahələrdə inkişafının davamlı olduğunu qeyd edib. Nazir növbəti illərdə də Azərbaycanla çalışaraq iki ölkə arasında tərəfdaşlığı daha da inkişaf etdirməklə əlaqələrimizi şaxələndirəcəyimizə ümidvar olduğunu bildirib.
Nazirlər səmimi təbriklərini çatdırıb, iki dost xalqa sülh, əmin-amanlıq və rifah arzu ediblər.

Xudaferin.eu

13:26