Azərbaycanlılar adlarını opera incəsənəti tarixinə yazırlar

Bakıda Trend Beynəlxalq İnformasiya Agentliyində tanınmış opera ifaçısı, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı Elçin Əzizovun mətbuat konfransı keçirilib. E.Əzizov jurnalistlərlə görüşdə Moskvada Böyük Teatrın səhnəsində özünün yaradıcılıq fəaliyyəti barədə danışıb, gələcək planları ilə bölüşüb. Görüş çox mehriban və səmimi şəraitdə keçib. Bundan başqa, o, Rusiyanın məşhur Böyük Teatrın solisti olmuş ilk azərbaycanlıdır. Hərçənd, onun gələcək həyat yolu seçimi qarşısında qaldığı vaxt olub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtitetini “Kino rejissoru” ixtisası üzrə bitirib, kinoda çəkilib (Azərbaycan, Rusiya, Türkiyə), bir neçə film və teatr quruluşunun rejissoru olub.

O qeyd edib ki, əslində opera ifaçısı olmaq fikrində belə olmayıb: “Halbuki bir çoxları gözəl səsimin olduğunu qeyd edirdilər”. Və nəhayət, E.Əzizov həyatında yeni səhifə açmaq qərarına gəldi. 29-30 yaşlarında klassik vokal ilə məşğul olmağa başladı, Zaltsburqda (Avstriya) “Motsarteum” konservatoriyasında təhsil alıb və Bakıya qayıdıb. Təsadüfən həmin vaxt Qalina Vişnevskaya Bakıya gəlib, E. Əzizovu dinləyib və onu özünün mərkəzinə dəvət edib. Bununla da o, 2007-ci ildən Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin stajçısı və solisti olub, 2008-ci ildən isə Böyük Teatrın opera truppasının solistidir. Opera müğənnisi və balet ustaları üçün Böyük Teatrın truppasına düşmək idmançının Olimpiadada qalib gəlməsinə bərabərdir. Rusiya, Avstriya, İtaliya, Fransa, Mərakeş, ABŞ və digər ölkələrdə böyük uğurla çıxış edib.
E.Əzizov deyib: “2008-ci ilin noyabrında Böyük Teatrın opera truppasının ştat solisti oldum. İlk günlərdən Böyük Teatrda qabaqcıl partiyaları ifa etməyə başladım. Çaykovskinin “İolanta” operasında mavritaniyalı həkim İbn Hakiyə partiyasındakı debütüm karyeramda taleyüklü oldu və Avstriya, İtaliya, Polşa və ABŞ-ın səhnələrinə qapıları açdı. Böyük Teatrın solisti olmaq təkcə böyük şərəf deyil, həm də cəmiyyətdəki davranışa müəyyən iz qoyan böyük məsuliyyətdir. Üstəlik, öyrəndim ki, Böyük Teatrın iki əsrdən çox tarixi ərzində truppanın ştat solisti olan ilk azərbaycanlıyam. Bir ildən sonra bizim daha bir gözəl ifaçımız oldu- azərbaycanlı Dinara Əliyeva. Biz bir çox tamaşalarda oynadıq və o özünün məharəti ilə tamaşaçıları və opera incəsənəti sevərlərini fəth edirdi. Hazırda Avropada Əvəz Abdulla və Azər Rzazadə böyük uğurla çıxış edirlər. Daha bir fəxrimiz Yusif Eyvazovdur. Ötən ay Böyük Teatrda Cakomo Puççinin “Manon Lesko” operasının premyerası oldu. Əsas partiyanı Yusif Eyvazov, onun həyat yoldaşı, dünya ulduzu Anna Netrebko və mən ifa etmişik. İki azərbaycanlı vokalçı bir tamaşada idilər, Rusiya KİV-ləri bu barədə premyeradan hələ bir əvvəl yazırdılar, sonra isə əsl triumfun olduğunu vurğulayırdılar. Əgər tamaşaçı olsaydım, dünya səhnəsində həmyerlilərimizin bu cür uğuruna görə gözlərimdən iftixar göz yaşları axardı! Hələ Azərbaycanın opera incəsənəti tarixində dünyanın məşhur səhnələrində eyni zamanda çıxış edən bu qədər gözəl vokalçı olmayıb. İnsan pasportunu, yaşayış yerini dəyişə, digər ölkənin vətəndaşı ola bilər, lakin o heç vaxt milliyətini dəyişməz. Dünyanın heç bir yerində hansı ölkəni təmsil etdiyini soruşmurlar, hansı millətə mənsub olduğunu soruşurlar. Və biz deyirik – azərbaycanlı və bu çox qürurla səslənir! Hazırda azərbaycanlılar adlarını opera incəsənəti tarixinə yazırlar”.
E.Əzizov qeyd edib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış etmək üçün Moskvadan Bakıya gəlib. Bəstəkar Jorje Bizenin dünya opera incəsənətinin xəzinəsi sayılan “Karmen”də Eskamilyo partiyasını ifa edəcək. Opera teatrının rəhbərliyilə Karmen partiyasını ifa etmək üçün ilk dəfə olaraq Avropada ən çox tələb olunan opera müğənnilərindən biri, Vrotslavsk opera teatrının (Polşa) qabaqcıl solisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı İrina Jitinska dəvət edilib. Tamaşada, həmçinin Ukrayna Milli Operasının öncül solisti, Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqəsinin laureatı Andrey Romanenko (Xoze partiyası), eləcə də opera və balet teatrının qabaqcıl solistləri iştirak edəcəklər.
E.Əzizov bildirib: “Birlikdə çox çıxış etdiyimiz İrina Jitinska Bakıda iştirak etməyə dəvət alanda mənə zəng edərək dedi: “Mən sənin vətənindən dəvət almışam”. Mən cavab verdim: “Düşünmədən razılaş!”. İki ildir doğma Bakıda çıxış etmirdim və çox həyəcanlanıram. Başa düşürsünüz, doğma səhnədə çıxış etmək böyük məsuliyyətdir, çünki bilirsən ki, zalda dostların, doğmaların və yaxınların əyləşiblər, onların simalarını görürsən və istəyirsən ki, hər şey ən yüksək səviyyədə keçsin. Lakin bu məni daha da ruhlandırır və güc verir ki, bütün məharətimi göstərim və ürəyimin əziz tamaşaçılarını sevindirim! Bu mənada mən çox xoşbəxt insanam!”.
Yekunda artist əlavə edib ki, azərbaycanlı klassiklərin əsərləri üzrə operada çıxış etməyi, eləcə də operanı tamaşaya qoymağı arzu edir: “Mənim rejissor ixtisasımla opera ifaçılığını bir araya gətirərək bir sıra tamaşalar qoymaq kimi böyük arzum var. Səhnədəki təcrübəm, gözəl rejissorlarla, aktyorlarla və vokalçılarla iş bu arzunu həyata keçirməkdə mənə əminlik verir. Öz potensialımı hiss edirəm və düşünürəm ki, gələcəkdə buna müəssər olacam. Bunun Bakıda, Moskvada və ya digər şəhərdə olacağını isə zaman göstərəcək”.
Mətbuat konfransından sonra jurnalistlər E.Əzizovu uzun müddət buraxmayıblar, onların hər biri öz sualını verir, şəkil çəkdirirdi, öz aralaında isə deyirdilər: “O, Azərbaycanın əsl iftixarıdır!”.

TREND İA

13:29