Azərbaycanlı və gürcü gənclər, siyasətçilər Tiflisdə parlamentin binası qarşısında etiraz aksiyası keçiriblər

Gürcüstanda yaşayan azərbaycanlılar fevralın 8-də paytaxt Tilisdə, parlamentin binası qarşısında etiraz aksiyası keçiriblər.

Xudaferin.eu xəbər verir ki, aksiyada gürcü xalqının nümayəndələri - siyasətçilər, tələbə gənclər də iştirak ediblər.

Aksiyanın təşkilatçılarından olan Sevinc Hümbətova bildirib ki, Gürcüstan ərazisində separatçı bir nəfərə abidə qoyulması təxribatdır. Bu addım Gürcüstan-Azərbaycan münasibətlərinə ziyan vurmaq məqsədi daşıyır. Bu abidənin qoyulması, eyni zamanda, Gürcüstan dövlətinə qarşıdır və biz bu büstün tezliklə götürülməsini tələb edirik.

Gürcü politoloq Simon Kopadze çıxışında deyib ki, aksiyanın məqsədi yalnız Mixail Avaqyanın büstünün qoyulmasına qarşı deyil, separatçılığa, terrora və torpaqlarımızın işğalına qarşı etiraz etməkdir. Siyasətçi Gürcüstanda separatçının büstünün qoyulmasını təxribat adlandırıb və abidənin götürülməsini tələb edib.

Politoloq, tarixçi alim Quram Marxuliya da çıxışında M.Avaqyanın əlinin günahsız azərbaycanlı uşaq, qadın və qocaların qanına batdığını vurğulayıb. Bildirib ki, Axalkalakidə büstün qoyulması Gürcüstan-Azərbaycan dostluğuna qarşı yönəlib.

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib: “Gürcüstan özü də separatizmdən əziyyət çəkir. Gürcüstanda separatçılığın təbliği, separatçıların qəhrəmanlaşdırılıb onlara abidələrin qoyulması qəbuledilməzdir. Gürcüstan azərbaycanlıların vətənidir və vətəndə separatçıya abidə qoyulmamalıdır”.

Aksiyada digər çıxış edənlər Gürcüstanın Axalkalaki rayonunun Buğaneş kəndində erməni terrorçu, Abxaziyada gürcülərə, Dağlıq Qarabağda azərbaycanlılara qarşı qatı cinayətlər törətmiş Mixail Avaqyana abidə qoyulmasına kəskin etirazlarını bildirib, büstün tez bir zamanda götürülməsini tələb ediblər.

İştirakçılar “Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!”, “Separatçı Mixail Avaqyanın büstü götürülsün!”, “Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!”, “Separatçılığa və separatçılara YOX!”, “Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!” şüarlarını səsləndiriblər.

Tbilisi şəhər meriyası aksiyanın keçirilməsinə rəsmi şəkildə icazə verib.

Aksiya zamanı heç bir qarşıdurma qeydə alınmayıb.

Xudaferin.eu

21:09