Azərbaycanlı rejissor Moldova teatrında tamaşa hazırlayır

Azərbaycanlı rejissor Tural Mustafayev Moldovanın D.Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət olunub. Həmyerlimiz teatrın 20 illik yubileyi münasibətilə bu sənət ocağında Con Patrikin “Əziz Pamela” əsərinə quruluş verir.

Qaqauz dilində oynanılacaq tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, dekorçu rəssamı Dmitri Stefogiodur. Janrı komediya kimi təyin olunan səhnə əsərində tanınmış aktyorlar Elena Danaji, Mixail Konstantinov, Anatoli Radulov, Nataliya İvançuk, Dmitri Zirov, Valentina Gümüşlü, İliya Haci və Rinat Radov çıxış edəcək. Tamaşanın premyerası dekabrın 10-na nəzərdə tutulur.

Hər dəqiqə uçub-dağıla biləcək köhnə, atılmış evin zirzəmisində tənha və yaşlı qadın yaşayır. Günlərin bir günü onun yanına qonaqlar gəlir. Bu qonaqlar Pamelanı öldürməyi düşünən üç fırıldaqçıdır. Pamelanın sevgisi, inamı və ümidi fırıldaqçıların bütün planlarını alt-üst edir və onları dəyişməyə, həyata başqa cür baxmağa vadar edir. Ancaq hər şey onların hər biri üçün uğurla həll olunmuş kimi görünən zaman qəhrəmanlar fikrə gedirlər.

AZƏRTAC

18:05