Azərbaycanlı pianoçu Parisdə konsert proqramı ilə çıxış edəcək

 

Pianoçu və bəstəkar Renara Axundova martın 29-da Parisdəki “Cıte des Arts” məkanında “Celebration” konsert proqramı ilə çıxış edəcək.

Bu barədə məlumat Renara Axundovanın “facebook” səhifəsində yer alıb. Konsertdə tamaşaçıları orijinal kompozisiyalar və improvizələr gözləyir. Renara Axundova Bakıda ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən musiqi məktəbində alıb. Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirdikdən sonra tale onu Parisə gətirib. O, Parisdə musiqi sənəti ilə ciddi məşğul olub. İlk solo konserti 2007-ci ildə Tallində baş tutub. Həmin vaxtdan etibarən Renara Axundova Rusiya, Küveyt, ABŞ və bir sıra Avropa ölkələrində konsert proqramları ilə çıxış edib. Bəstəkar Renara Axundovanın musiqisi insan taleyi haqqında işıqlı ideallara söykənən hekayətdir. O, hər kəsə tanış olan hiss və emosiyaları musiqinin dili ilə çatdırır. Azərbaycanlı musiqiçinin yaradıcılığı haqqında ətraflı məlumatı http://www.renaramusic.com/welcome/ saytından əldə etmək olar.

Xudaferin.eu
“Avropa Bürosu”

10:55