Azərbaycanlı dirijor beynəlxalq musiqi festivalında uğurla çıxış edib

Polşanın Katovits şəhərində simfonik orkestrlərin beynəlxalq musiqi festivalı keçirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, K.Şimanovski adına Katovits Musiqi Akademiyasının təşkilatçılığı ilə reallaşan festivalda Azərbaycan dirijoru da iştirak edib.

Festivalda Əməkdar Artist, Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi altında Şimanovski adına Polşa Akademik Simfonik orkestrinin ifasında amerikalı bəstəkar Leonard Bernstaynın skripka və simli orkestr, zərb alətləri və arfa üçün yazılmış “Serenada”sı və Pyotr Çaykovskinin 4-cü simfoniyası dinləyicilərə təqdim olunub.

Anşlaqla keçən konsert proqramından sonra Musiqi Akademiyasının rektoru, professor Vladislav Şimanski dirijor Əyyub Quliyevi və musiqiçiləri uğurlu çıxışlarına görə təbrik edib. Bildirib ki, növbəti illərdə Bakı və Katovits şəhərlərinin musiqi akademiyalarının daha geniş əməkdaşlıq etmələri üçün böyük maraq göstərəcək.

Festivalda, həmçinin Almaniya və Polşanın simfonik orkestrləri də çıxış ediblər.

Xudaferin.eu

18:56