Azərbaycanla Tacikistan arasında dini qurumlar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov ilə bu ölkənin İslam Mərkəzinin Üləmalar Şurasının sədri Səidməhərrəm Əbdülqadirzadə arasında görüş keçirilib.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, şuranın sədri Azərbaycan və Tacikistan arasında tarixi kökləri olan dostluq münasibətlərindən bəhs edib, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin əhəmiyyətini vurğulayıb. S.Əbdülqadirzadə bu münasibətlərin inkişafında dövlət rəhbərlərinin müstəsna rolu olduğunu söyləyərək ölkələr arasında bütün istiqamətlərdə olduğu kimi din sahəsində də münasibətlərin uğurla davam etdiyini diqqətə çatdırıb.

Səfir Tacikistanın nüfuzlu din lideri ilə görüşdən məmnun olduğunu bildirib, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin səmimi salamlarını S.Əbdülqadirzadəyə çatdırıb.

Ölkəmizdəki dini mühit barədə danışan Ə.Əskərov Azərbaycanda hökm sürən tolerant və multikultural mühitin qorunub saxlanılması istiqamətində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Dövlətin qarşısına qoyduğu məqsədlərdən birinin bu mühiti qoruyub saxlamaq və təşviq etmək olduğunu vurğulayan səfir ölkədə güclü tolerantlıq ənənələrinin tarixən mövcud olduğunu, Azərbaycanın dünyada multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini qeyd edib.

Azərbaycanın tarixi ədaləti bərpa edərək 44 gün davam edən Vətən müharibəsində əzəli və əbədi torpaqlarını erməni işğalından azad etdiyini vurğulayan Ə.Əskərov Qarabağda və ətraf rayonlarda artıq quruculuq işlərinə başlanıldığını, erməni vandalizminə məruz qalan maddi mədəniyyət abidələrimizin, dini irs nümunələrimizin bərpası istiqamətində layihələrin həyata keçirildiyini bildirib.

Görüşdə, eyni zamanda, hər iki ölkənin dini qurumları arasında əlaqələrin daha da genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Qulu Kəngərli

Xudaferin.eu


 

14:25