Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Baş nazirinin ticarət və investisiya üzrə müşaviri Abdul Razak Davud ilə görüşüb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Xəzər Fərhadov Azərbaycan-Pakistan münasibətlərinin yüksək səviyyədə olmasında hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb. İki ölkə arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsinin vacibliyinə toxunan X.Fərhadov Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının əhəmiyyətini diqqətə çatdırıb, eləcə də bu Komissiya çərçivəsində ölkələrimizin müvafiq qurumları arasında enerji, nəqliyyat, turizm, təhsil, səhiyyə və informasiya texnologiyaları sahələrində işçi qruplarının yaradılması istiqamətində işlərin artıq başlandığını qeyd edib.

Səfir Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşdiyini diqqətə çatdırıb, ölkəmizin həyata keçirdiyi bir sıra beynəlxalq layihələrdən, həmçinin Ələt Azad İqtisadi Zonasının potensialından danışıb. İki ölkə arasında ticarət əlaqələrinin güclənməsinə xüsusi töhfə verəcək müvafiq hüquq-müqavilə bazası üzrə hər iki ölkənin qurumları arasında müzakirələr aparıldığını diqqətə çatdırıb.

Abdul Razak Davud ölkələrimiz arasında səmimi münasibətlərdən bəhs edib və iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Hər iki ölkənin iqtisadi potensialının yüksək olduğunu qeyd edən müşavir ən qısa zamanda Pakistan nümayəndə heyəti ilə Bakıya səfər etmək niyyətini bildirib.

A.R.Davud ticarət əlaqələrimizin güclənməsinə xüsusi töhfə verəcək hüquq-müqavilə bazası üzrə hər iki ölkənin qurumları arasında aparılan danışıqların əhəmiyyətini qeyd edərək, Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin daha da gücləndirilməsi üçün səylərin artırılacağına əminliyini ifadə edib.

Görüşdə Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb.

Qulu Kəngərli
Xudaferin.eu

22:27