Azərbaycanla Mərakeş arasında turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Krallığın turizm, sənətkarlıq, sosial və həmrəylik iqtisadiyyatı naziri Fatim-Zəhra Ammor ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə səylərin göstərilməsi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Mərakeş Krallığının Turizm, Sənətkarlıq, Sosial və Həmrəylik İqtisadiyyatı Nazirliyi arasında əməkdaşlıq, qarşılıqlı səfərlərin, infoturların və pressturların təşkil edilməsi, turizm sərgilərində iştirak, həmçinin iki ölkənin turizm assosiasiyaları, bu sahədə fəaliyyət göstərən ali və orta ixtisas təhsil ocaqları, Azərbaycan Turizm Bürosu ilə Mərakeş Milli Turizm Ofisi arasında əməkdaşlıq əlaqələrinin qurulması müzakirə olunub.

Səfir N.Səmədov Azərbaycan və Mərakeş arasında 2008-ci ildə imzalanmış turizm sahəsində əməkdaşlıq haqqında sazişin əhəmiyyəti barədə məlumat verib və eyni zamanda, iki ölkə arasında səfər edən turistlərin sayının artırılması üçün birbaşa hava əlaqələrinin qurulması və ümumvətəndaş pasportlarına malik şəxslər üçün vizaların aradan qaldırılması məsələlərinin mühüm önəm daşıdığını həmsöhbətinin nəzərinə çatdırıb.

Görüşdə bundan əlavə, Mərakeş Krallığının Turizm, Sənətkarlıq, Sosial və Həmrəylik İqtisadiyyatı Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsi arasında sənətkarlıq sahəsində bilik və bacarıqlarının mübadilə olunması sahəsində əməkdaşlıq əlaqələrinin qurulması məsələsi ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Sonda N.Səmədov mərakeşli naziri ölkəmizə səfərə dəvət edib.

Xudaferin.eu

13:40