AZƏRBAYCANLA BAĞLI HESABAT

 

Multimilyonerlərin sayı sürətlə artır - “Əksəriyyəti dövlət məmurlarıdır”

 

“Knight Frank” LLC-nin “The Wealth Report” adlı ötən ilin cari vaxtında açıqlanan hesabatında varlıların sayının ən sürətli artdığı ölkələr sırasında Azərbaycanın da adını yer alıb. Birinci yerdə Monqolustan dayanıb.

2005-ci ildən bu yana həmin ölkədə multimilyonerlərin sayında 475 faiz artım olub. İkinci yerdə isə 444 faiz artımla Azərbaycan qərarlaşıb. Sənəddə deyilir ki, 2005-ci ildə Azərbaycanda sərvəti 30 milyon dollar və daha çox olan şəxslərin sayı təqribən 1000 nəfər olub, 2015-ci ildə isə belələrinin sayı 5600 nəfərə çatıb. 2014-cü ilə nisbətən multimilyonerlərin sayı 2015-ci ildə daha 100 nəfər artıq olub. Ötən ildən fərqli olaraq, şirkət builki hesabatında Azərbaycanla bağlı açıq rəqəmləri qeyd etməyib. "Knight Frank" şirkətinin bu il açıqlanan hesabatında qeyd olunur ki, MDB-də sərvəti 30 mln. dollardan çox olan multimilyonçuların sayı 2006-cı ildən 2016-cı ilədək 30%-dən çox artıb. Hazırda belə milyonçuların sayı 3 min 230 nəfərdir. Bildirilir ki, hesabat dövründə yalnız Rusiyada multimilyonçuların sayı 31% artaraq 2 750 nəfər olub. Proqnoz edilir ki, bundan sonrakı 10 il ərzində MDB-dəki multimilyonçuların sayı 60% artacaq. Azərbaycan və Qazaxıstan artım tempinə görə Rusiyaya çatacağı gözlənilir. Bəs görəsən, Azərbaycanda rəsmi olaraq nə qədər multimilyoner, yaxud milyoner var?

İqtisadçı-eskpert Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda rəsmi olaraq bununla bağlı heç bir statistik rəqəm yoxdur: “Ölkədə milyonçuların rəsmi statistikası aparılarsa, çox eybəcər mənzərə ortaya çıxa bilər. Bu gün Azərbaycanda milyonçuların böyük əksəriyyəti dövlət məmurlarıdır. Bu şəxslərin aldıqları rəsmi məvacib isə onların milyonçu olmasını təmin edə bilmir. Rəqəmlər, adlar açıqlanarsa, həmin şəxslərin bu qədər vəsaitə hardan sahib olması məsələsi gündəmə gətirilər”.

2006-cı ildə prezidentin deklarasiya ilə bağlı sərəncamı oldu. Bu sərəncamla əlaqədar olaraq “Deklarasiya haqqında” Qanunun hazırlanması üçün Nazirlər Kabinetinə 2 ayadək vaxt verildi. Lakin indiyədək də prezidentin sərəncamı yerinə yetirilmir: “Nazirlər Kabinetinə verilən tapşırıq 11 ildir ki, yerinə yetirilmir. “Deklarasiya haqqında” Qanunun qüvvəyə minməməsi bu cür problemlərin yaranmasında real səbəblərdən biridir. Əlbəttə, "Knight Frank" şirkəti müxtəlif yollarla qeyri-rəsmi milyonçuları müəyyənləşdirə bilir. Azərbaycan qanunları buna yol vermədiyi üçün hesabat şərhçiləri ölkəmizlə bağlı statsitik məlumatları qaranlıq saxlayıblar. Bununla əlaqədar sadəcə proqnoz ediblər ki, Azərbaycan milyonçuların sayına görə Rusiyaya çata bilər. Təəssüflər olsun ki, Azərbaycanda rəsmi milyonçuların sayı da elan edilmir”.

 

Nigar Məhərrəm

Cebhe.info

 

10:56