Azərbaycanla bağlı “BÖYÜK PLAN”

 

Hədəfdəki 22 dövlətin siyahısında ölkəmiz də var

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycanda terror törətmək istəyən şəxslərin saxlanılması üçün əməliyyat keçirdi. Azərbaycandan kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə DTX-ya daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və qeydə alınmış fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.

Terror oyunları

DTX keçən ilin son 3, bu ilin isə ilk ayında keçirdiyi əməliyyatlarla 9 terrorçunu məhv edib, 10-a yaxın terrorçunu isə saxlayıb. Təhlükəsizlik üzrə ekspertlər son zamanlarda Azərbaycanda görünməyə başlayan terror elementlərinin ölkəmizə qarşı terror təhdidinin aktiv fazaya keçməsiylə əlaqələndirirlər. Lakin baş verənlərin təkcə Azərbaycanla məhdudlaşmadığı və bunun regionda cərəyan edən hadisələrin tərkib hissəsi olduğuna da şübhə yeri yoxdur. Türkiyədə terror təşkilatlarının aktiv fazada olduqlarını, İranın da bu təşkilatların potensial yerləşmə yeri olduğunu, həmçinin Ermənistanın Azərbaycan ərazilərini işğal faktorunu da nəzərə alsaq, ölkəmizi eksterimistlərin diqqətindən yayındırmaq elə də asan məsələ olmamalıdır. Əvvəlcə tənliyi bir qədər sadələşdirmək üçün Azərbaycan ətrafında hansı siyasi oyunların oynanıldığına diqqət etmək lazımdır.

Azərbaycan ətrafında nə baş verir?

Qərbdən olan siyasi güclər şimali-qərbi Afrikadan Əfqanıstanadək uzanan arealda yerləşən dövlətləri, o cümlədən, Azərbaycanı (Cənubi Qafqaz) nəzarətdə saxlayacaq layihənin üzərində işləyirlər. Əgər bölgələri bir nöqtədən idarə etmək planı reallaşsa, bununla dünya ərazsinin 13 hissəsi və təbii sərvətlərinin (neft və qaz) 60%-dən çoxu ələ keçiriləcək. Şübhəsiz ki, dünyanı idarə etməyin yolu mütəxəssislərin “Yer kürəsinin ürəyi” adlandırdıqları Yaxın Şərq, Orta Asiya və Cənubi Qafqazdan keçir. Həmin regionlara nəzarət qurulacaq böyük imperiyanın təhlükəsizliyi məsələsidir. ABŞ Dövlət Departamentinin hesabatına görə, geosiyasi plan 22 ölkəni əhatə edir və burada Azərbaycanın da adı var. Bu, 22 müsəlman ölkəsinin sərhədlərinin dəyişdirilməsini müdafiə edir. Plana görə, Türkiyə, Suriya, İraq, Livan, Səudiyyə Ərəbistanı, Yəmən, Azərbaycan, Pakistan, İndoneziya, Sudan, Malayziya, Əfqanıstan və digər müsəlman dövlətləri terrorçu aksiyalarla parçalanmalıdır. Şübhəsiz ki, mövcud olan və qurulduqları halda aktiv fazaya keçirilməmiş terror təşklatlarının hamısının ipləri bu qorxulu planın icraçılarının (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, İngiltərə, CFR və s.) əllərindədir.

İslam və Qərb

“Parçala, idarə et” prinsipi üzərində işləyən bu güc dövlətləri üçün müharibələr və terrorizm iqtisadiyyatın “şah damarı”nı təşkil edir. Şübhəsiz ki, təbii sərvətlərlə zəngin olan ölkələrdə aparıldığını nəzərə alsaq, bu savaşlar həmin güclər üçün böyük maliyyə mənbələri deməkdir. Savaş Qərb üçün investisiyadır. Təsadüf deyil ki, son 1 ildə ABŞ və digər Qərb dövlətləri bu arealdakı münaqişə və müharibələri qızışdırmaq üçün burada yerləşən ölkələrə 100 milyard dollarlıq silah satıb. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerə görə, bundan sonra savaş islam və Qərb arasında olmayacaq:  

“Savaş Qərbin istədiyi formaya saldığı islamla Qərb mədəniyyətini qəbul etməyən, əksinə, islam mədəniyyətinin üstünlüyünü qəbul edən və Qərbin iqtidarına qarşı çıxan islam arasında olacaq”.

Azərbaycan kimin hədəfindədir?

Nəzərə alsaq ki, 2017-ci ildə Azərbaycanda İslam Oyunları keçiriləcək və buna görə də Azərbaycan hakimiyyəti bu ili “İslam Həmrəyliyi ili” elan edib, bu baxımdan ölkə daxilində xaricdən maliyyələşən radikalların və Yaxın Şərqdəki terror təşkilatlarının buradakı uzantılarının fəallaşması anlaşılandır. Türkiyə və Rusiya KİV-lərində həmin siyasi güclərin Azərbaycanda radikal islamçıları hərəkətə keçirərək, terror xaosu yaradacaqları barədə vaxtaşırı məlumatlar da yayılmağa başlayıb. DTX-nın son əməliyyatlarında ələ keçirilmiş terrorçuların özlərinə seçdikləri ləqəblərə də nəzər yetirsək, Azərbaycanın hansı terror təşkilatının hədəfində olduğunu təxmin etmək olar. Məlumdur ki, dini ekstremizm zəminində, xüsusilə, ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan vətəndaşları - “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q.Dəmirov, “Əbdülxalid” ləqəbli F.Sadıqov, T.Alməmmədov və “Abdullah” ləqəbli S.Məmmədov DTX-nın əməliyyatı nəticəsində məhv edildi. Terrorçuların özlərinə seçdiyi ləqəblər yerli və xarici KİV-lədən bizə yad deyil. Adətən bu və digər adlardan bir qayda olaraq Yaxın Şərqdə aktiv fəaliyyətdə olan terror təşkilatları - İŞİD, “ən-Nüsra” və digəriləri istifadə edirlər. Hər iki təşkilatın sıralarında Azərbaycandan kifayət qədər militanın döyüşdüyünü, həm İŞİD, həm də “ən-Nüsra”nın Azərbaycanı ara-sıra qana çalxayacaqları ilə hədələmələrini də unutmasaq, ölkəmizdə boy göstərən terrorçuların hansı istiqamətdən axın etdiklərini təyin etmək mümkündür.

Gizli kanallar

Keçən ilin son günlərində Rusiyanın Şimali Qafqaz bölgəsində (Çeçenistan) İŞİD əleyhinə keçirilən aksiyalar göstərdi ki, terror təhdidi Azərbaycan sərhədləri yaxınlığındadır. Hər-halda DTX-nın bu istiqamətdə öz fəaliyyətini artırması da təhlükənin artıq ölkənin içinə sızdığı ehtimalını artırır. Digər yandan əsas təhlükənin Şimali Qafqazdan gələcəyi üzərində baş sındırmağa da dəyməz, 2011-ci ildən İŞİD Suriyadakı savaşda özünü göstərməyə başlayandan Azərbaycandan bura “cihad” üçün gedənlərin sayında da artım baş verdi. Azərbaycanlı radikallar Suriya və İraqa müəyyən kanallar vasitəsilə əlaqələr saxlayaraq getdiklərinə şübhə yoxdur.  Ona da şəksizdir ki, həmin kanallar Azərbaycandakı planlarının icrası üçün də bu radikal şəbəkənin müəyyən hissəsini burada saxlamağa ehtiyac duya bilər ki, hazırda fəallaşan radikalizm bu ehtimala məntiq donu geyindirir.

Mənsur

 

13:47