Azərbaycanın Vatikandakı səfiri İtaliya jurnalında erməni yalanlarını ifşa edib

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov İtaliyanın həftəlik nəşr olunan “Famiglia Cristiana” jurnalında ermənilərin yaydığı dezinformasiyaya diqqəti çəkərək qarşı tərəfin yalanlarını ifşa edib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, səfir jurnalın direktoru Don Stefano Stimamiqlioya ünvanlandığı məktubda erməni tərəfinin Laçın yolunda baş verənlərlə bağlı irəli sürdüyü iddiaların tam şəkildə əsassız olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda artıq “Dağlıq Qarabağ” deyilən ərazi vahidi yoxdur, Azərbaycanın Qarabağ iqtisadi rayonu var. Qarabağ Azərbaycanın tarixi ərazisidir və ölkəmizin ayrılmaz hissəsi kimi bütün dünya dövlətləri tərəfindən beynəlxalq səviyyədə tanınır. Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini hərbi işğal altında saxlayıb, soyqırımı cinayətləri və dağıntılar törədilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın qətlə yetirilib. İyirmiyədək ölkə tərəfindən bu qətliam bəşəriyyətə qarşı cinayət kimi pislənib. 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda sülhün və birgəyaşayışın tərəfdarıdır.

İ.Muxtarov Laçın-Xankəndi yolu ətrafında baş verənlərlə bağlı bildirib ki, Azərbaycan Ermənistanın 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın müddəalarına əməl etməsini istəyir. Ermənistan tərəfi Laçın yolundan qeyri-qanuni fəaliyyət, o cümlədən hərbi məqsədlər üçün istifadə edir, Azərbaycan ərazisinə silahlı qüvvələrin şəxsi heyətini yerləşdirir, minaların və silah-sursatın yoldan daşınmasını həyata keçirir.

Azərbaycanlı ekofəalların Laçın yolunda təşkil etdikləri etiraz aksiyası isə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına etiraz və bu fəaliyyətin dayandırılması məqsədi daşıyır. Yol humanitar məqsədlər üçün açıqdır və nəqliyyatın hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb.

Səfir ölkəmizin müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı multikultural dövlət olduğunu, Azərbaycanın bütün vətəndaşlarına heç bir fərq qoymadan, bərabər hüquq və imkanlara təminat verərək regionda sülhün və birgəyaşayışın yeni modelini yaratmaq istədiyini bildirib. Ermənistan da bunu etməli və yeni gərginliklər yaratmaq əvəzinə sülh üçün çalışmalıdır.

İ.Muxtarov Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin təsis olunmasının ikitərəfli münasibətlərdə yeni səhifə açdığını deyib. Qeyd edib ki, 30 illik tarixi olan Azərbaycan-Vatikan əlaqələri qarşılıqlı hörmətə, dialoqa, birgə əməkdaşlığa və ortaq maraqlara əsaslanır.

 
Nihad Budaqov
Xudaferin.eu 
 

16:21