Azərbaycanın Ukraynadakı səfirliyinin məlumatı

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə baş verən hadisələr zamanı azərbaycanlıların həlak olması ilə bağlı mətbuat açıqlaması yayıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən səfirliyə istinadla açıqlamanı təqdim edir.

Ukrayna ərazisində davam edən hərbi qarşıdurma səbəbindən Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan azərbaycanlıların 8 avtomobildən ibarət kolonu fevralın 27-də təxminən 2:00 radələrində tanınmamış “Dnestryanı Respublikası” yaxınlığında Kuçurqan adlanan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan atəşə tutulub.

Atəş nəticəsində Azərbaycan vətəndaşları olan 1976-cı il təvəllüdlü İsmayılov Neymət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim və 1995-ci il təvəllüdlü İsmayılov Qabil həlak olublar.

Həlak olanların qohumlarından əldə edilən məlumata əsasən, daha dörd nəfər Azərbaycan vətəndaşı yaralanıb. Hadisə yerinə Ukrayna polisi gəlib, cəsədlər morqa, yaralı vətəndaşlar isə xəstəxanaya aparılıb. Yaralananların vəziyyətinin yaxşı olduğu bildirilir.

Həmçinin fevralın 27-də səhər 9:00 radələrində Xarkov şəhərinin mərkəzində sakitlik şəraitində küçəyə su almaq üçün çıxmış Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov naməlum istiqamətdən gülləyə tuş gələrək qətlə yetirilib.

Mövcud vəziyyətlə bağlı imkan yaranan ilk fürsətdə mərhumların nəşlərinin Azərbaycana göndərilməsi planlaşdırılır.

Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirik.

Ukraynanın müxtəlif ərazilərində təhlükəsizlik vəziyyətinin gərgin olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynadakı səfirliyi tərəfindən əvvəlcədən də bildirildiyi kimi, bütün vətəndaşlarımızdan yaşadıqları yerlərdə qalmağı, komendant saatı tələblərinə riayət etməyi, hərbi obyektlərdən və aktiv əməliyyatların getdiyi yerlərdən uzaq durmağı, çox ciddi ehtiyac yaranmadıqca olduqları yeri tərk etməməyi, həmçinin vəziyyətlə bağlı Ukrayna dövlət qurumlarının məlumatlarının, Xarici İşlər Nazirliyinin və səfirliyin internet səhifələrinin izlənməsini xahiş edirik.

Xudaferin.eu

22:55