Azərbaycanın stronqmen idmançıları Tbilisidə uğurla çıxış ediblər

Tbilisidə idmanın stronqmen növü üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan idmançıları bu turnirdə uğurla çıxış edərək bir gümüş və bir bürünc medal qazanıblar.

Azərbaycan, Ukrayna, Gürcüstan və Ermənistan idmançıları bu turnirdə 105 kiloqrama qədər və 105 kiloqramdan çox çəki dərəcələrində mübarizə aparıblar. Ölkəmiz turnirdə 3 idmançı ilə təmsil olunub.

Yarışın qaydalarına əsasən çəkisi 105 kiloqramadək olan idmançılar hər əlində 120 kiloqram olmaqla 240 kiloqram ağırlığında çamadanları 40 metr məsafəyə, çiyinlərində 300 kiloqramlıq yükü 20 metr məsafəyə daşımaq, 60 kiloqramlıq qantelləri və 110 kiloqramlıq magistanı başları üzrə qaldırmaqla güclərini sınayıblar.

Çəkisi 105 kiloqramdan artıq olan ağır çəkili idmançılar isə hər əlində 140 kiloqram olmaqla 280 kiloqramlıq yükü 20 metr məsafəyə, 90 kiloqramlıq qantel və 130 kiloqramlıq magistaları başları üzərinə qaldırmaq, çiynində 400 kiloqram ağırlığında yükü 20 metr məsafəyə daşımaqla güclərini sınayıblar.

Ümumi nəticələrə görə, çəkisi 105 kiloqrama qədər olan idmançımız Aydın Hümbətov 2-ci yerə, ağır çəkili pəhləvanımız Razim Hüseynov isə son mərhələdə erməni idmançını üstələyərək 3-cü yerə sahib olub.

Digər idmançımız Elşən Ağayev isə (105 kiloqrama qədər) mübarizəni 4-cü yerdə başa vurub.

Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev AZƏRTAC-a müsahibəsində deyib ki, Azərbaycanda bu idman növü 2017-ci ilin yanvar ayında yaranıb. Yeni olmasına baxmayaraq, artıq Azərbaycanda iki dəfə çempionat keçirilib. Bu, stronqmen idmançılarımızın xarici ölkədə ilk iştirakıdır. Turnirdə iştirakda əsas məqsəd idmançıların təcrübə qazanmalarına və güclərini sınamalarına imkan yaratmaqdır. Azərbaycanda bu idmanın inkişafı və ölkəmizdə belə beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait var. Azərbaycan Prezidentinin idmançılarımıza və idmanın inkişafına göstərdiyi diqqət və qayğı bizim üçün geniş imkanlar açır: “İnanıram ki, yaxın illərdə biz idmanın bu növü üzrə də Azərbaycanın şərəfini qoruyacaq və bayrağımızı ucaldacağıq”.

Gürcüstan Strongmen Federasiyasının vitse-prezidenti Valeri Qubani isə deyib ki, Azərbaycan pəhləvanları idmanın bu növü ilə çox az müddətdir məşğul olurlar. Amma bu gün göstərdikləri nəticə, qazandıqları uğurlar göstərdi ki, Azərbaycan idmançılarını gələcəkdə daha böyük uğurlar gözləyir. “Dörd ölkədən 30-dək idmançının mübarizə apardığı turnirdə 2-ci və 3-cü yerləri tutmaq çox böyük uğurdur”, - deyə Qubani vurğulayıb.

AZƏRTAC

11:49