Azərbaycanın Rusiyadakı səfiri sudanlı həmkarı ilə görüşüb

İyulun 27-də Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sudan Respublikasının Rusiya Federasiyasına yeni təyin edilmiş səfiri Məhəmməd Elqazali Eltijani Sirrac ilə görüşüb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, görüşdə səfir Polad Bülbüloğlu sudanlı həmkarını təyinatı münasibətilə təbrik edərək ona vəzifəsində müvəffəqiyyətlər arzulayıb, Moskvada akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti, təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə məlumatlandırıb. Diplomat Azərbaycanın Sudanla münasibətlərinə toxunaraq, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib, bu xüsusda turizm, elm, təhsil və mədəniyyət sahələrində, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan səfiri həmkarını Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, aparılmış danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyəti haqqında məlumatlandırıb. Diplomat, eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Qələbə haqqında danışıb, Azərbaycanın öz doğma torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq və ədalətin ölkəmizin tərəfində olduğunu qeyd edib. Qarşı tərəfə, həmçinin münaqişəyə son qoymuş üçtərəfli Bəyanatın müddəaları və postmünaqişə dövrü, azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə də ətraflı məlumat verib.

Polad Bülbüloğlu 2014-cü il sentyabrın 1-də Sudan Respublikası Milli Assambleyasının Xarici əlaqələr komitəsi tərəfindən 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmasına görə təşəkkür edib, bu tarixi addımın ölkəmiz üçün əhəmiyyətini vurğulayıb. Sudan tərəfindən Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq təşkilatlar çərçivəsində dəstəklənməsini yüksək qiymətləndirib.

Görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

Məhəmməd Sirrac öz növbəsində Azərbaycanın ölkəsi üçün yaxın dost dövlət olduğunu bildirib. O, Sudanın da separatizm meyilləri ilə üzləşdiyinə diqqət çəkərək, Azərbaycanı yaxşı anladıqlarını söyləyib və bundan sonra da istənilən beynəlxalq platformada eyni mövqedən çıxış edəcəklərini vurğulayıb.

Sonda Sudandan olan qonağa Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edilib.

Məhəmməd Elqazali Eltijani Sirrac maraqlı və məhsuldar görüşə görə səfir Polad Bülbüloğluna təşəkkürünü bildirib.

 

Fəridə Abdullayeva

Xudaferin.eu


 

15:52