Azərbaycanın reytinqi “mənfi” proqnoz ilə saxlandı

 

28 iyul 2017-ci il tarixində “Standard ənd Purz” (Standard and Poor’s) reytinq agentliyi Azərbaycan Respublikasının suveren kredit reytinqinin ənənəvi qiymətləndirməsini aparmış və müvafiq hesabatını açıqlamışdır.

 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən daxil olmuş məlumata görə, agentlik Azərbaycan Respublikasının uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinini dəyişməyərək müvafiq olaraq ‘BB+/B’ səviyyəsində, “mənfi” proqnoz ilə saxlamışdır.

“Standard ənd Purz” reytinq agentliyinin yaydığı son hesabatda reytinqin dəyişməz olaraq saxlanılmasına əsas səbəb kimi ölkənin möhkəm fiskal mövqeyi, xüsusiylə Azərbaycan Respublikası Dövlət Neft Fondunun xarici valyutada ehtiyyatlarının mövcudluğu göstərilir.

Agentlik hesab edir ki, tədiyə balansına olan təzyiqlərin aradan qalxacağı, ölkənin iqtisadi inkişaf göstəricilərinin gözlənilən artımı və daxili bank sistemində sabitliyin möhkəmlənməsi nəticəsində reytinq üzrə proqnoz mənfidən müsbətə keçirilə bilər.

Azpolitika.info

 

09:20