Azərbaycanın pulu ilə tikilən yolun açılışı olub - SERBİYADA

Serbiyada Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci ildə imzalanmış Kredit Sazişinə uyğun olaraq tikilmiş avtomobil magistralının Ljig-Preljina hissəsinin açılışı olub. Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Qeyd edək ki, layihənin reallaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən Serbiyaya 300 mln. avro kredit ayrılıb. Ümumi uzunluğu 40,3 km olan yol 66 körpü və 4 tuneldən ibarətdir. Layihənin baş podratçısı Azərbaycanın “AzVirt” şirkətidir. Yolun girişində Azərbaycan-Serbiya dostluğunu və iqtisadi əməkdaşlığını əks etdirən “Dostluq olan yerdə uzaq ölkə yoxdur. Bu yol xalqlarımızı birləşdirən yoldur. Serbiya-Azərbaycan dostluğu sarsılmazdır” lövhəsi yerləşdirilib. Açılış mərasimində çıxış edən nazir Şahin Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı aparılmış məhsuldar danışıqlar və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır, Azərbaycan Respublikasının Prezidenti Serbiya ilə əməkdaşlığa böyük önəm verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birinin mövqeyini dəstəkləyir.
Qeyd olunub ki, bu vaxtadək Azərbaycan tərəfindən Serbiyada bir sıra sosial obyektlərin - Belqradda “Taşmaydan parkı”, “Bayraqlı cami” məscidi, Novi Sad şəhərində “Müqəddəs Petki” kilsəsi, Novi Pazarda Mədəniyyət Mərkəzinin təmir-tikinti işləri həyata keçirilib. Bundan başqa, Novi Sad şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun memorialı yaradılıb, Belqradın küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adı verilib.

Nigar Məhərrəm
(Cebhe.info)

11:35