Azərbaycanın mədəniyyət paytaxtı Şuşa dirçəlməkdə davam edir

Rusiyanın “Komsomolskaya Pravda” qəzetinin bugünkü sayında Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımovun “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa dirçəlişini davam etdirir” başlıqlı məqaləsi dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.

Şuşa açıq səma altında muzey şəhərdir. Azərbaycan xalqının zəngin irsinin koloritini özündə birləşdirən mədəniyyət beşiyidir. Şəhər çiçəkli bağlarla əhatə olunmuş düzənlikdə yüksələn qalanı simvollaşdırır. Onun əsası 1752-ci ildə Qarabağ xanlığının ilk hökmdarı Cavanşirlər nəslindən olan Pənah Əli xan tərəfindən qoyulub. O, indiki Şuşanın ətrafında təbiətə, şüşə kimi təmiz havaya elə heyran olmuşdu ki, burada qalaya sahib bir şəhərin salınmasını əmr edib. Beləliklə, 270 il əvvəl Qarabağ xanlığının paytaxtı yaranıb.

Şuşa mədəniyyət abidələri ilə zəngin olub, dünyaya məşhur sənətkarlar gətirib. Şəhər yüzilliklər boyu çiçəklənib, lakin 1991-ci ildə başlayan hərbi əməliyyatlar nəticəsində Şuşada minə yaxın ev dağıdılıb, məscidlərə, memarlıq abidələrinə, görkəmli mədəniyyət və incəsənət xadimlərinin ev muzeylərinə ciddi ziyan dəyib ki, bu da şəhərin əsl görünüşünü məhv edib. Yalnız 2020-ci il noyabrın 8-də ölkə mədəni irs incisi olan Şuşanı öz qanadları altına qaytarıb.

Böyük qayğı

İşğaldan azad olunandan sonra Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə genişmiqyaslı restavrasiya işlərinin həyata keçirilməsinə start verilib və şəhər öz əvvəlki görkəmini qaytarmağa başlayıb. 30 il ərzində dağıdılmış məscid və məqbərə evlərinin, türbələrin və digər görməli yerlərin restavrasiya işləri tam sürətlə davam edir. Restavrasiya işləri ilə yanaşı dövlətimizin başçısı regionda infrastrukturun inkişafına da böyük diqqət yetirir.

2021-ci ildə Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Şuşa yenidən Cənubi Qafqazın mədəniyyət mərkəzi kimi yüksəlib, burada beynəlxalq səviyyəli festivallar keçirilməyə başlanıb. 30 illik sakitlikdən sonra şəhərdə ilk dəfə musiqi səslənib. Azərbaycan Prezidentinin Fərmanı ilə 2022-ci il respublikada “Şuşa İli” elan edilib.

Azərbaycanın zəngin mədəni irsinin dünyada inkişafı və təbliği kontekstində ictimai xadim və “Bakı” jurnalının baş redaktoru Leyla Əliyevanın işini qeyd etmək lazımdır. Onun rəhbərliyi ilə nəşr olunan “Bakı” jurnalında rus dilində nəşr olunan maraqlı məqalələr yer alıb. “Bakı” jurnalındakı nəşrlər oxucunu Azərbaycanın tarixi, mədəniyyəti, müasir incəsənəti ilə tanış edir və müəyyən mənada Rusiya ilə əlaqə və Azərbaycana böyük bələdçidir. Jurnal Rusiya oxucusunun marağını cəlb edir, çünki Azərbaycan haqqında maarifləndirici nəşrlərlə yanaşı, Rusiyada yaşayan həmvətənlərimizə həsr olunmuş müsahibələr və məqalələrə də tez-tez rast gəlinir. Yeri gəlmişkən, jurnalın son saylarının birində oxuculara Şuşa haqqında məlumat təqdim edilib. “Şuşa əfsanə şəhərdir” başlıqlı məqaləni oxuduqdan sonra belə maraqlı bir diyara biganə qalmaq sadəcə mümkün deyil.

Möhtəşəm yerlər

Şuşanin vizit kartı müdafiə qalasıdır. Şəhərin girişindəki qala 1752-ci ildə Pənahabad adlanırdı. Daş gövdələr XVIII əsrin mühasirəsinə, müasir müharibənin təzyiqinə tab gətirə bilib. İndi 2,5 kilometr uzunluğunda olan divarın bərpası davam edir və onun üstündə tanınan qırmızı yazı qonaqları qarşılayır.

Şəhər məhəllələrinin hər birində özünəməxsus memarlığı ilə ayrı bir tarixi dəyər daşıyan məscid minarələri ucalır. Azərbaycan Mədəniyyət Nazirliyinin məlumatına görə, Şuşada 669 qədim bina, 17 bulaq, 17 məscid, 6 qədim Karvansaray qonaq kompleksi, 3 məqbərə, 2 Təhsil Mərkəzi-Mədrəsə, 2 qala və 197 mühüm incəsənət, tarix və mədəniyyət abidəsi var idi. Ən məşhur görməli yerlər arasında minarələri əlvan rəngli xalçalara bürünmüş XVIII əsrdə tikilmiş Yuxarı Gövhər Ağa məscidi və qüllələri qırmızı və açıq kərpic naxışları ilə örtülmüş Aşağı Gövhər ağa məscidini qeyd etmək olar. Bu binalar Qarabağ memarlığının şah əsərləri hesab olunur.

Şuşa üçün daha bir əhəmiyyətli yer Şuşanın cənub-şərqindəki “at yarışı üçün sahə” olan Cıdır düzü yaylasıdır. İnanılmaz dağ mənzərələri açılan bir meydança əsrlər boyu insanları birləşdirmək qabiliyyətinə malikdir: O, gah güləşçilərin yarışması üçün bir arenaya, gah cıdır meydanı, gah da at oynatmaq üçün bir səhnəyə çevrilirdi. Bayramlarda Cıdır düzü xalq şənliklərinin məkanı olurdu. XXI əsrdə atəş altında qalan yayla yenidən canlandı. Məhz burada uzun fasilədən sonra məşhur “Xarıbülbül” Musiqi Festivalı, ölkənin mədəni həyatı üçün əhəmiyyətli olan “Muğam” musiqi müsabiqəsinin qala-konserti və “Şuşa-2022” Beynəlxalq incəsənət festivalı kimi digər tədbirlər keçirilib.

Görkəmli şəxsiyyətlər

Şəhər qalasının Gəncə qapılarının yaxınlığında xan sarayı və öz fəziləti ilə tanınan, üçüncü və sonuncu Qarabağ xanı, Rusiya İmperator Ordusunun general-mayoru Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın evindən ibarət saray ansamblı yerləşir. Xalq arasında “xan qızı” kimi tanınan Xurşidbanu Natəvan öz dövrünün xeyriyyəçisi olub. O, xalqın ehtiyaclarına xüsusi diqqət yetirirdi. Natəvan, həm də Azərbaycanda mədəniyyət və ədəbiyyatın inkişafına töhfəsi ilə məşhurlaşıb. Maarifçiliyə olan qayğısı nəticəsində evini rus-Azərbaycan məktəbinə bağışlayıb.

Azərbaycanın mədəniyyət paytaxtı olan qala şəhəri ölkəyə və dünyaya bir çox tanınmış mədəniyyət xadimləri bəxş edib. Belə ki, Azərbaycan SSR Elmlər Akademiyasının topladığı məlumata görə, XIX əsrdə şəhərdə 22 musiqişünas, 38 ifaçı və 95 şair yaşayıb. Şuşa Azərbaycanın mədəni irsinə ölkənin adını bütün dünyaya tanıtmış görkəmli xadimlər bəxş edib.

Əfsanəvi mədəniyyət xadimlərindən söz açaraq, bizim tanıdığımız Şuşa əsilli, SSRİ xalq artisti, dramaturq, publisist və bəstəkar Üzeyir Hacıbəylini qeyd etmək lazımdır. Ötən əsrin 13-14-ci illərində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı dünyanın mədəniyyət mərkəzi – Neva sahilində yerləşən şəhərlə bağlı olub. Məhz Sankt-Peterburqdakı həyatı və fəaliyyəti dövründə “Arşın mal alan” operettasının librettosunu yazıb.

Şuşa, həmçinin dünyada Bülbül kimi tanınan SSRİ xalq artistinin Vətənidir. Bülbülün ev muzeyləri Şuşada və Bakıda fəaliyyət göstərir, burada çox sayda eksponatlar toplanıb.

Şuşanın da öz Lomonosovu olub – dərin dünyagörüşlü alim Mir Möhsün Nəvvab idi. O, dünyəvi elmlərin tədris olunduğu məktəbin banisi olub, litoqrafiya üsulu ilə 50 kitab çap etdiyi mətbəə açıb, Qarabağ şairlərinin şeir antologiyasını toplayıb, astronomiya dərsliyi, muğamların və musiqi alətlərinin mənşəyi haqqında traktat yazıb. Mir Möhsün hətta öz əsərlərini şəxsən illüstrasiya edib. Yuxarı Gövhər Ağa məscidində bu günə qədər onun fırçasının izi qalıb - minarələrdəki ornamentləri və içərisindəki naxışlı divarları məhz alim yaradıb.

Son söz

Şuşa haqqında çox danışmaq olar. Onun tarixi şəhərin meşələrdəki yerləşən İsa bulağına bənzəyir. Şuşaya gedən yolu indi təkcə turistlər deyil, həm də Rusiyadan və dünyadan gələn önəmli qonaqlar çəkir.

Ölkələrimizin tərəfdaşlığı və dostluğu illər keçdikcə daha da möhkəmlənir. Neva sahilində yerləşən şəhər ilə Şuşanın xüsusi münasibətləri var: Şuşa və Sankt - Peterburq statuslarına görə, demək olar ki, qardaş oldular - hər iki şəhər mədəniyyət paytaxtı adlandırılır. 2021-ci ilin qışında Sankt-Peterburqda şəhər hökumətinin, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının səfirliyinin və Azərbaycan Respublikasının Baş konsulluğunun dəstəyi ilə ömrünün bir ilini Sankt-Peterburq Konservatoriyası ilə bağlayan görkəmli bəstəkar Üzeyir Hacıbəylinin gələcək abidəsinin yerində təntənəli şəkildə təməl daşı qoyulub. Abidə, həmkarı Dmitri Şestakoviçin heykəlinin ucaldığı Maarifçilik prospektinin yanında Vıborg rayonunun Bəstəkarlar küçəsindəki eyni adlı bağçada ucalacaq.

Xudaferin.eu

16:21