Azərbaycanın iqtisadi imkanları Pakistanda təqdim olunub

Pakistanın ən qədim və böyük ali təhsil ocağı sayılan Pəncab Universitetinin Regional İnteqrasiya Mərkəzinin (RIC) təşkilatçılığı ilə Lahor şəhərində ''Regional bağlantıda kəmər və yol təşəbbüsünün önəmi'' mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Pakistan Hökuməti və Senatının (Parlamentin Yuxarı Palatası), yerli və beynəlxalq beyin mərkəzlərinin, ali təhsil ocaqlarının və logistika sahəsinə məsul qurumların yüksəkrütbəli rəsmiləri, səfirliklərin nümayəndələri (Azərbaycan, ABŞ, Çin, Türkiyə, İndoneziya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan), həmçinin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikası səfirliyinin müşaviri Tamerlan Xəlilov və Bakı Dövlət Universitetinin (BDU) Maliyyə və menecment kafedrasının müdiri Kamran Eyyubov iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan səfirliyinin müşaviri Tamerlan Xəlilov ölkəmizdə həyata keçirilən transmilli nəqliyyat və enerji layihələrinin dövlətlərarası münasibətlərin güclənməsinə, sosial-iqtisadi və elmi-texniki inkişafa böyük töhfə verdiyini və nəticə etibarilə hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığın sürətlə genişləndiyini vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatların milli iqtisadiyyatımızın sürətlə güclənməsini və müasirləşməsini təmin etdiyini xüsusi vurğulayan T.Xəlilov 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı qələbə nəticəsində azad edilmiş ərazilərimizin ümumi iqtisadiyyatımıza reinteqrasiyası, o cümlədən yeni beynəlxalq və regional nəqliyyat dəhlizlərinin yaradılması imkanlarının regional təhlükəsizlik, sabitlik, firavanlıq və qarşılıqlı faydalı əməkdaşlığın iqtisadi-ticari əlaqələrin inkişafı ilə birlikdə ölkəmizin Cənubi Qafqazda lider dövlət kimi rolunu daha da artıracağını bildirib.

Eyni zamanda, Azərbaycan ilə Pakistan arasında birbaşa hava əlaqəsinin qurulduğu qeyd olunub, ümumilikdə ölkəmizin tranzit imkanlarını əks etdirən, həmçinin Ələt Azad İqtisadi Zonası barədə videoçarx nümayiş etdirilib.

Xudaferin.eu


 

16:27