Azərbaycanın fəal iştirakı ilə keçirilən Antalya Diplomatiya Forumu uğurla başa çatıb

Türkiyə Prezidentinin himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiyanın yenidən qurulması” mövzusunda təşkil olunan Antalya Diplomatiya Forumu Azərbaycanın da geniş tərkibdə fəal iştirakı ilə uğurla başa çatıb. Azərbaycan təmsilçiləri Forum çərçivəsində keçirilən tədbirlərdə və görüşlərdə ölkəmizə aid həqiqətləri iştirakçılarla bölüşüblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Forum çərçivəsində keçirilən tədbirlərdəki çıxışları, müsahibə və açıqlamaları Türkiyə KİV-i tərəfindən geniş yayılıb və böyük maraqla şərh olunub.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Forumla bağlı martın 13-də keçirdiyi mətbuat konfransında tədbirin məqsəd və mahiyyətini yüksək dəyərləndirib.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan Forumun rəsmi açılış mərasimində nitq söyləyib. Tədbirin həmin hissəsində BMT-nin Baş katibi Antonio Quterreşin iştirakçılara videomüraciəti yayımlanıb.
Üç gün davam edən Forumda 17 dövlət və hökumət başçısı, 80 nazir olmaqla 75 ölkədən nümayəndələr iştirak ediblər. Bundan başqa, NATO və ATƏT də daxil olmaqla 39 beynəlxalq və regional təşkilatın təmsilçiləri müzakirələrə qatılıblar.
Tədbir çərçivəsində Azərbaycanın rəsmi təmsilçiləri də daxil olmaqla iştirakçılar arasında çoxsaylı ikitərəfli görüş keçirilib.
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin martın 10-da keçirdikləri Antalya görüşü Forumda yaddaqalan ən ciddi hadisələrdən biri kimi tarixə düşüb.
Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da martın 12-də Forumun ən qaynar vaxtında bir araya gəlməsi mühüm siyasi hadisə kimi dəyər qazanıb.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi, Anadolu Agentliyi, Türkiyənin Ticarət Nazirliyinin əməkdaşları və Xarici İqtisadi Əlaqələr Qurumunun, Türkiyə İxracatçılar Məclisi və digər tanınmış qurumlar informasiya və nəşriyyat işlərinə dair öz məhsulları ilə ziyarətçilərin xidmətində olublar.
Çox sayda beynəlxalq media qurumlarının Forumdan geniş, azad və sərbəst şəkildə materiallar hazırlaması üçün bütün imkanlar yaradılıb.
Qeyd edək ki, ikinci dəfə keçirilməsinə baxmayaraq Antalya Diplomatiya Forumu beynəlxalq səviyyəli müzakirələr platformasına çevrilib. Forum Azərbaycan həqiqətlərinin çatdırılması, yeni münasibətlər yaratmaq, qlobal və regional əhəmiyyətli prinsipial məsələlər ətrafında müzakirələr aparmaq üçün ən əlverişli platformadır.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” fikri bütün mənalarda Antalya Diplomatiya Forumunda özümüzü ev sahibi kimi hiss etməyə imkan verir.
Sabir Şahtaxtı

Xudaferin.eu

19:38