Azərbaycandan Avropaya ən çox müraciət: Ədalətli məhkəmə axtarışında

“Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2016-cı ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. AİHM-nin hesabatına görə, Azərbaycan daha çox şikayət verilən 10 ölkədən biridir”.

Məlumatı vəkil Əsabəli Mustafayev verib. Vəkilin sözlərinə görə, hesabatda Azərbaycan 8-ci yerdə durur: “Lider ölkələr Ukrayna, Rusiya, Macarıstan, Rumıniya, İtaliya, Gürcüstan, Polşadır. Avropa Məhkəməsinə daxil olan müraciətlərin sayına görə, Azərbaycanla Ermənistan eyni sırada durur. Təkcə 2016-cı ildə Azərbaycanda Avropa Məhkəməsinə 333 iş göndərilib. Ümumi sayı isə təxminən 1500-dən yuxarıdır. 2015-ci ildə isə 268 iş göndərilib. Hazırda icraata götürülmüş və baxılma ərəfəsində olan 1652-ə yaxın müraciət var. AİHM 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar qəbul edib. Sənəddə AİHM-nin indiyədək Azərbaycanla bağlı mahiyyəti üzrə 122 qərar çıxardığı qeyd olunur. Həmin qərarlardan 118-də azı bir hüququn pozuntusu qeydə alınıb. Ümumi statistikaya görə, Azərbaycanla bağlı işlərdə ən çox ədalətli məhkəmə araşdırması hüququ pozulub. 44 işdə belə pozuntu qeydə alınıb”.
Qeyd edək ki, Azərbaycanda hüquqları pozulan insanlar yerli məhkəmələrdən ədalətli qərarlar ala bilmədikləri təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) üz tutur. 2002-ci ildən etibarən Azərbaycan vətəndaşları AİHM-nə şikayət etmək hüququ qazanıb. Azərbaycan Avropa Şurasına üzv olmaqla onun bir sıra Konvensiyalarına, o cümlədən, “İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında” 1950-ci il Konvensiyasına qoşulub. Konvensiya Azərbaycan prezidenti tərəfindən Azərbaycanın Avropa Şurasına üzv olma ərəfəsində – 25 yanvar 2001-ci ildə Strasburqda imzalanmış və 25 dekabr 2001-ci ildə Milli Məclisi tərəfindən ratifikasiya edilmişdi. Azərbaycan tərəfindən İnsan Hüquqları haqqında Konvensiyanın ratifikasiya edilməsilə bağlı sənəd Avropa Şurasının Baş Katibinə təqdim edilmiş və 15 aprel 2002-ci ildə depozitə edilib. Həmin tarixdən etibarən respublikamızın yurisdiksiyası altında olan hər bir şəxsin AİHM- nə Konvensiya ilə müəyyən edilmiş şərtlər daxilində müraciət etmək hüququ yaranmışdı.

Yeganə Oqtayqızı
Cebhe.info

11:43