Azərbaycanda yaşayan ermənilərin hüquqları Azərbaycan Konstitusiyası çərçivəsində öz həllini tapmalıdır

Ermənistanın baş naziri Nikol Paşinyan “Əl Cəzirə” kanalına müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesində mövcud olan problemlərdən danışıb. Bununla bağlı bir sıra məqamlar diqqəti cəlb edir. İlk olaraq görünür, daha əvvəl səsləndirilmiş bəyanatlara baxmayaraq, Ermənistan hökuməti faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmir. “DQ statusu”nu gündəmə gətirilir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib. O deyib: “Hər iki tərəf sərhədlərin delimitasiyasının texniki tərəfləri barədə müzakirələr aparmağa müvəffəq olsalar da, delimitasiya razılaşmasının əsasını qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyə hörmət təşkil edir. Bu prinsipə riayət olunmadan delimitasiyanı uğurla həyata keçirmək mümkün olmayacaq.

Müsahibəsində nəqliyyat dəhlizləri ilə bağlı məsələdə Nikol Paşinyan Laçın və Zəngəzur dəhlizlərini fərqləndirir. Lakin 2020-ci il 10 noyabr tarixli Bəyanatda Zəngəzurla bağlı “dəhliz” ifadəsi işlədilmədiyi halda, 9-cu maddədə xüsusən Laçınla bağlı insanlar və yüklərin maneəsiz axını ifadəsi işlədilib. Eyni zamanda, Laçın üzərində suverenlik beynəlxalq sənədlərdə təsbit edildiyi və 10 noyabr Bəyanatında bir daha təsdiqləndiyi kimi Azərbaycanın yurisdiksiyasındadır. Belə ki, 10 noyabr Bəyanatının 6-cı maddəsində göstərildiyi kimi, Azərbaycan hər iki istiqamətdən Laçın dəhlizi boyunca insan, nəqliyyat vasitələri və yüklərin daşınmasının təhlüksizliyini təmin etməlidir.

N.Paşinyan müsahibəsində deyir ki, biz artıq suverenliyə və sərhədlərin toxunulmazlığına hörmət əsasında regional kommunikasiya xətlərinin açılması məsələsini müzakirə edirik. O zaman danışıqlarda da bu prinsiplərə hörmət edilməlidir. Bir sözlə, Zəngəzur və Laçın müvafiq olaraq Ermənistan və Azərbaycana məxsus olmaları ilə bağlı suveren statusa malikdirlər, lakin insanlar və yüklərin keçidi ilə bağlı eyni rejimi paylaşırlar. Bununla yanaşı, Ermənistan ərazisindən keçidlə bağlı mübahisələr hələ də davam edir.

Əgər Ermənistan qondarma Dağlıq Qarabağın statusu ilə bağlı təkid etməyə davam edərsə, bu, sülh prosesinə xələl gətirəcək. Qarabağ Azərbaycan torpağıdır və bu, beynəlxalq səviyyədə qəbul olunub, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq institutlar tərəfindən bir daha təsdiqlənib. Azərbaycanda yaşayan ermənilərin hüquqlarına gəldikdə bu, Azərbaycan Konstitusiyası çərçivəsində öz həllini tapmalıdır.

İndiki məqamda görürük ki, Ermənistandakı daxili proseslər və xaricdən olan bir sıra aktorların maraqları səbəbindən sülh prosesi ölü nöqtəyə doğru irəliləyir”.

Xudaferin.eu

15:12