AZƏRBAYCANDA QAZLA BƏRABƏR HAVAYA UÇAN MİLYONLAR

 

Vüqar Bayramov: “Özəl sektorun mavi qaz satışına cəlb edilməsi olduqca vacibdir”

“Azəriqaz”ın keçmiş işçisi: “Komyuter bir balaca krantdan asılıdır, o da kı insanın əlindədir”

Qadir İbrahimli: “İtkilərin olmasında korrupsiya elementi birbaşa deyil, dolayıdır”

Dövlət Statisitka Komitəsinin verdiyi məlumata görə, 2016-cı ildə 144,4 milyon kub metr təbii qaz itkiyə gedib. Bir neçə gündür mediada müzakirə predimeti olan bu mövzu çoxsaylı suallara səbəb olub. Çünki ölkə əhalisi çətin bir durumda yaşadığı halda, təbii qaz əhaliyə limitlə satılır. Ancaq buna baxmayaraq, təbii qazın nəqlində ciddi itkilərə yol verilir. Hansı ki, 144,4 milyon kub metr itkiyə gedən təbii qaz əhaliyə limitlə satılan qazın qiyməti ilə, yəni 10 qəpiklə 14 milyon, 440 min manat edir. 20 qəpiklə isə bu məbləğ iki dəfə çox edir. Belə olan halda, bu qədər qazın itkiyə getməsinə necə göz yumulur? Yəni, doğurdanmı, milyonlarla vəsait köhnə avadanlıqlar və yaxud qaz sızmaları ucbatından havaya uçur? Əslində, görünən odur ki, bu məsələdə ciddi korrupsiya elementləri müşahidə olunur. Ona görə də bu itkinin ciddi araşdırılmasına ehtiyac var.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin (İB) qaz təchizatı şəbəkəsində itkilərin yaranma səbəbi müstəqil audit şirkəti olan “Ernst and Young” tərəfindən araşdırıldığı bildirilir. İtkilərin yaranmasının əsas səbəbi kimi köhnə qaz şəbəkəsində yaranan qaz sızmaları göstərilir.

Mövzu ilə bağlı iqtisadçı Vüqar Bayramov bildirib ki, qaz itkisi, eyni zamanda qazın ötürülməsi prosesində fasilə birmənalı şəkildə qaz təminatının yaxşılaşdırılması istiqamətində islahatları gündəmə gətirir: “Itki həqiqətən çoxdur. Beynəlxalq standartlarla müqayisdə daha yüksək itkilərdən söhbət gedir, itkilərin qarşısının alınmasına ehtiyac var. İtkilərin texnki səbəbləri göstərilsə də, texniki səbəblərlə yanaşı, bəzi rayonlarda, xüsusən Bakının rayonlarında mavi qazın qeydiyyatsız xərclərlə satılması və çox təəssüf ki, həmin vəsatin büdcədən yayındırılması halları var. O baxımdan, nəzarətin gücləndirilməsi olduqca vacibdir. Azərbaycanın aldığı mavi qazın qiymətinin tam ödənilməsi həyata keçirilməlidr ki, mavi qazda itkiləri azaltmaq mümkün olsun”.

İqtisadçının fikrincə, itkilərin qarşısını almaq üçün uyğun metod “Azəriqaz” da yeni idarəetmə sisteminin qurulmasıdır: “Özəl sektorun mavi qaz satışına cəlb edilməsi olduqca vacibdir. İstehsalı Dövlət Neft Şirkəti edir, amma satışın özəl şirkətə verilməsi daha məqsədə uyğundur. Bu nəticə etibarilə imkan verə bilər ki, qaz satışında itkilərin qarşısını almaq mümkün olsun və mavi qazın satışındakı yayındırmaların, qeydiyyatsız xərclərlə qaz təminatının qarşısını almış olar”.

V.Bayramov dedi ki, itkilərin bir qismi texniki itkilərdir: “Dünyanın hər bir yerində mavi qazın nəqlində itkilər olur. Söhbət itkilərin həcminin böyük olmasından və onun azaldılmasından gedir. Itkilərlə mavi qazın qiymətinin artırılmasından əldə edilən gəlirləri müqayisə etmək mümkün deyil. Çünki mavi qazın qiymətinin artırılmasına görə, Dövlət Neft Şirkətinin gəlirləri daha çoxdur. Amma bütün hallarda itkilərin qarşısının alınmasına ehtiyac var. O itkilərin beynəlxalq standartlara uyğun faiz çərçivəsində tənzimlənməsi olduqca vacibdir”.

“Azəriqaz”ın keçmiş işçisi Baba Rzayev bildirdi ki, itkilərə nə hansısa turbadan qaz axınıtısı, nə də sızıntısı səbəbdir: ““Azneft” “Azəriqaz”a qaz verdiyi andan itkilər başlanır. Onların həcmi ölçən komyuterləri var. Bu komyuterlər özləri düzgün işləmir. Məsələn, həcm həqiqi min kubmetri keçibsə, onu kompyuter 1200 kubmetr yazır. Mən bir dəfə kompyuterin düz işləməməsini tutmuşdum. Orada sürət məsələsi var. Kompyuteri elə quraşdırırlar ki, qazın gəlməyi təzyiqdən, sürətdən asılıdır. Sürəti bir az azaldanda kompyuter az yazır. Əl ilə düzəldilmiş bir pol düymə krant qoyublar, bu krantı bir balaca sıxanda kompyuter az yazmağa başlayır, həmin qaz gedir, ancaq həcm çox göstərilir. Komyuter bir balaca krantdan asılıdır, o da kı insanın əlindədir, hansı tərəfə istəyirsən, çevir. Ehtimal edirəm ki, bu itki həmin itkidir”.

“Azəriqaz”ın keçmiş işçisi qeyd etdi ki, ümumilikdə itkilərin 3 yaranma səbəbi var: “Bir də ki, əhalinin çoxusunun borcu var, ödəmirlər. Onu da deyim ki, qoyulan sayğaclar sərfiyyatı həm elektron, həm də mexaniki yazır. Həmişə elektron sürəti mexanikidən çox yazır. Məsələn, mexanki 7 min, elektron isə 10 min yazır. Bakı şəhərində bir rayon üzrə, məsələn, üzrə 34 min abonent var. 34 min abonentdə sayğac əyri yazılsa, gör, nə qədər fərq əmələ gəlir. Mənim başa düşdüyüm budur. Ancaq həqiqəti gedib yerində tutmaq lazımdır ki, bu qədər itki var. Ümumilikdə itkilərin 3 yaranma səbəbi var: borclar ödənilmir, sayğaclar və həcmi ölçən kompyuterlər düzgün işləmir. Bunlar suni yolla yaradılan itkilərdir. Yoxsa ki, o turbadan, bu turbadan qaz sızdı, elə şey heç vaxt yoxdur. O vaxtı da süni yolla itki yaratdılar. “Azəriqaz”ı yıxdılar, qoydular”.

İqtisadçı Qadir İbrahimli isə bildirib ki, itkilərin olmasında korrupsiya elementi birbaşa deyil, dolayıdır: “Ancaq qazın nəqli prosesində könə avadanlıqlardan istifadə olunur, yəni avadanlıqlar standartlara uyğun deyil. Ona görə də itkilər normadan kifayət qədər çox olur. Amma bu variantı da istina etmirəm ki, rəsmi olaraq istehsal olunan qazın həcmi məqsədli şəkildə azaldılır və bunun fonunda da istehlak edilən qaza görə ödənişlər mənimsənilir”.

Şamo Emin
Hurriyyet.org

 

09:27